Döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin “Biz hərb istəmirik, amma hərbə hazırıq” tezisini reallığa çevirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz 104 yaşını qeyd etməyə hazırlaşan rəşadətli ordumuzun keçdiyi inkişaf yolunu, hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Ümummilli Lider daim bu çağırışı da edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması mütləqdir.
Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərindəki uğursuzluqlar ordu quruculuğu sahəsində də yaşandı və torpaqlarımızın işğalına səbəb oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrin inkişafında yeni mərhələ başladı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi lisey məhz həmin dövrdə Ümummilli Liderin gərgin səyləri nəticəsində yaradılmışdı. Hərbi kadrların yetişdirilməsi daim prioritet məsələ kimi öndə dayanıb. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu beynəlxalq standartlara cavab verən, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Onu da qeyd edək ki, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. 2003-cü ildən Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsini dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi öndə saxlayır. Azərbaycan dövləti hər zaman ordumuzun gücünə, qüdrətinə arxalanaraq ən yüksək tribunalardan bəyan edirdi ki, işğal altında olan torpaqlarımızı nə yolla olursa-olsun azad edəcək, ərazi bütövlüyümüzü təmin edəcəyik. Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi inkar edilmirdi.
2020-ci ildə yaşadığımız tarixi Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığını, şücaətini nümayiş etdirdi. Bu Zəfərə qədər Ordumuz 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Naxçıvan qələbələrində hansı imkanlara malik olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərmişdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin hər gününü tarixə qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanı işğaldan azad etməklə Ermənistanın kapitulyasiya aktını imzalamasını şərtləndirdi. Azərbaycanın tarixi Qələbəsi dünyaya səs saldı. Şuşa əməliyyatı bir dastana çevrildi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirilməsi və iştirakçılara diqqətin təcəssümüdür. Həmçinin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix - 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi 8 noyabr Zəfər Günü kimi təsis edildi. Atılan hər bir addım xalqımıza Zəfər sevincini yaşadan Vətən oğullarının qəhrəmanlıqlarının, şücaətinin təbliğinə xidmət edir.
Azərbaycan xalqı iki ilə yaxındır ki, bayramlarını Qələbə ruhunda qeyd edir. Artıq torpaqlarımızın işğaldan azad edilməsindən deyil, bu ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət almasından, soydaşlarımızın Böyük Qayıdışından bəhs edirik. Qalib Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Zəfərin mübarək, Azərbaycan xalqı! Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna!
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər