Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər bir dövlətin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin etibarlı qarantı, onurğa sütunu onun ordusudur. Tarix boyu ordu dövlət üçün, xalq üçün ən mühüm anlayış və güvənc yeri olmuşdur. Hər hansı bir dövlətin ordusuz yaşaması mümkün deyildir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini qazandığı vaxt ordu quruculuğuna ciddi fikir verilsəydi 20 faiz torpaqlarımız işğala məruz qalmazdı, bir milyon soydaşımız qaçqına, köçkünə çevrilməzdi. Ölkəmiz üçün ağır olan həmin dövrdə mütəşəkkil, peşəkar ordunun olmamasının nəticəsi idi ki, məhz mənfur Ermənistanın təcavüzünün qarşısını almaq mümkün olmadı.
Azərbaycanda ordunun qurulması, inkişafı şərəfli bir yol keçməsi Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi, illərlə toplanmış dövlətçilik təcrübəsi, qətiyyəti, siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Dahi Şəxsiyyətin yorulmaz fəaliyyətinin, uzaqgörənliyinin nəticəsində Müstəqil Azərbaycanın öz Milli Ordusu yarandı və bu gün bu Qüdrətli Ordu Ulu Öndərimizin yaratdığı şah əsərlərindən biridir. İllər ötsə də, nəsillər dəyişsə də gündən – günə inkişaf edən, güclənən Azərbaycan Ordusu dahi Heydər Əliyevin arzularını, əməllərini özündə yaşadır və həyata keçirir.
1918-ci ildə Azərbaycan Demokratik Respublikasının həyata keçirdiyi vacib tədbirlərdən biri Milli Ordunun təşkil edilməsi idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, 23 aydan sonra Xalq Cümhuriyyəti süquta uğradı və ordu quruculuğu prossesi dayandı. Yalnız 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prossesinə başlanıldı. Məhz Ulu Öndərin təşəbbüsü ilə Bakı şəhərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan bu məktəbin yaradılmasına keçmiş SSRİ rəhbərliyi ciddi cəhdlə mane olmağa çalışsa da buna nail ola bilmədi. Dahi Heydər Əliyevin mahir diplomatiyası nəticəsində bu cəhdlərin qarşısı alındı. Bu məktəbin fəaliyyəti ölkəmizdə hərb sənətinə olan marağı artıraraq, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazanandan sonra bu hərbi məktəb ordu quruculuğunda əsas bazalardan birinə çevrildi
1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Silahlı Qüvvələrimizin maddi texniki təminatı yaxşılaşdırıldı, şəxsi heyətin mənəvi – psixoloji hazırlığı artırıldı, döyüş ruhu gücləndirildi.
Azərbaycan Ordusunun inkişafını, güclənməsini görən Ulu Öndər deyirdi: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam – intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizinn ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır.”
Ulu Öndərimizin rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçərək bölgənin ən güclü ordusuna çevrildi. Ümummilli Liderimizin siyasi kursunu layiqincə davam etdirən Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev bu gün ordu quruculuğu sahəsindəki işləri çox uğurla davam etdirir. Prezidentimizin bu sahədə uğurlu siyasəti nəticəsində ordumuz daha da modernləşdirildi, ən son hərbi texnologiyalar orduya cəlb edildi. Məhz bunun nəticəsidir ki, Aprel döyüşlərində, 44 günlük Vətən Müharibəsində bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. İstənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir olan, ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit – raket qurğuları, hərbi hava vasitələrilə və s. təmin olunan Silahlı Qüvvələrimiz Ölkəmizin ərazi bütövlüyünü ən yüksək səviyyədə qorumağa qadir olduğunu Vətən Müharibəsində bir daha sübut etdi. Bu gün Qalib Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir sıradadır. Xalqımız əmindir ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bir daha ərazi bütövlüyümüzün pozulmaslna imkan verməyəcəkdir. Müzəffər Ali Baş Komandanımızın hər an, hər bir əmrinə müntəzir dayanmış Silahlı Qüvvələrimiz hər bir düşmən təxribatının qarşısını vaxtında və qətiyyətlə alacaqdır!
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının əməkdaşı
Bölməyə aid digər xəbərlər