20 aprel 2025-ci ildə Beynəlxalq Muğam Mərkəzində Ustad aşıq Kərəm İncəlinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. İlk öncə Çiçək Mahmudqızının Ustad aşıq Kərəm İncəli haqqında hazırladığı videoçarx tamaşaçılara təqdim olundu.
QISA TƏQDİMAT
Aşıq Kərəm İncəli (Kərəm Süleyman oğlu Nəsibov) 1945-ci il martın 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Kamandar olmuşdur. Aşıq sənətinə 1960-cı illərdən başlamışdır.
Məclislərdə, respublikanın mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb. Aşıqların IV qurultayında iştirak etmişdir. İlk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı, elinin sevimli saz-söz ustadı olmusdur.
Aşıq Kərəm İncəli 1995-ci il martın 11-də vəfat etmişdir. Aslanbəyli kəndində dəfn olunmuşdur.
Tədbirin aparıcısı Ramiz Göyüşov, akademik Nizami Cəfərov, Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, Cümşüd İsgəndərli, Rafayıl İncəyurd və digərləri ustad aşıq Kərəm İncəli haqqında fikirlərini və maraqlı xatirələrini bölüşdülər.
Ustadın yetirməsi İlham Aslanbəyli, aşıq Zülfiyə İbadova, Ramin Qarayev, Azərbaycan Respublikasının Əməkdar artisti Gülüstan Əliyeva, qocaman aşıq Cahangir Gədəbəyli, Rəvanə Qurbanova, Leyla Camal, Şahin Qazaxlı, Maarif Mustafaoğlu, Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədovanın ifaları tamaşaçılar tərəfindən rəğbətlə və alqışlarla qarşılandı.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Kərəm İncəlinin gənc yaşlarında səhnədə Dədə Ələsgər obrazını ustalıqla canlandırmasından danışdı və Kərəm Nəsibovun “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən təsis edilmiş "Aşıq Ələsgər-200" yubiley medalı ilə təltif olunduğunu bildirdi. "Aşıq Ələsgər-200" yubiley medalı Xətai Ələsgərli tərəfindən ustad sənətkarın oğlu Valeh Nəsibova təqdim olundu.
Sonda Kərəm İncəlinin nəvəsi Muradın ifasında saz havası ifa olundu.
Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələrdən biri olan Beynəlxalq Muğam Mərkəzi fəaliyyətə başladığı 2008-ci ildən Milli dəyərlərimizin təbliğində, xalqa çatdırılmasında misilsiz xidmətləri ilə daima fərqlənmişdir.
Məhz bu tədbirin ərsəyə gəlməsində Mugam mərkəzinin direktoru Sahib Pashazadə, musigi bölməsinin müdürü Shüküfə Arxaft, Qazax Xeyriyyə İctimai birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədova və QXİB-nin İdarə heyyərinin üzvü Sultanxanım Nəsibovaya təşəkkür edirik.
Aydın Adıgözəlli
Bölməyə aid digər xəbərlər