Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan ustad aşıq Camoy Qurbanovun 70 yaşı tamam olur. Hər zaman ustad aşıqlara böyük qayğı və diqqət göstərən Azərbaycan Aşıqlar Birliyində C.Qurbanovun yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı da bir sıra tədbirlər nəzərdə tutulur. Bu silsilədən ilk tədbir kimi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışının bütövlükdə bu ustad sənətkara həsr ollunması nəzərdə tutulub. İyul ayının sonlarında ustadın özünün iştirakı ilə efirə gedəcək həmin verilişdə onun ömür və sənət yolundan söhbət açılacaq, ifaları səsləndiriləcək. Yubilayarın sənət dostları Hüsən və Kifayət Dəryahquliyevlər, Mahal İncəli kimi ustad aşıqlarla yanaşı, gənc aşıqlar Şahin Süleymanov, Coşqun Rəhimov və Ruslan Qazaxlı da öz ifaları ilə ustad sənətakrı təbrik edəcəklər.
Xatırladaq ki, Camoy Qurbanov 1954-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olub, Bakıda neft texnikumunda təhsil alıb. Kiçik yaşlarından aşıq sənətinə böyük maraq göstərib, 1980-ci ildən müstəqil olaraq aşıqlığa başlayıb. 1993-cü ildən isə həm də Qazax musiqi məktəbində saz müəllimi kimi fəaliyyət göstərib. Dastançı aşıq kimi tanınır, gənclərin aşıq sənətinə gəlməsində böyük xidmətləri var.
Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib. Hazırda Azərbaycan Aşıqlar Birlyin idarə heyətinin üzvü, birliyin Qazax-Ağstafa bölməsinin rəhbəridir.
Tarix: 17-07-2024, 09:55 Oxunub: 636