Aşıq sənəti qədimliyi ilə yanaşı, geniş bir tarixi-coğrafiyanı özündə birləşdirir. Milli kimliyimizin təsdiqi olan aşıq sənəti ulu babaların bizlərə bəxş etdiyi ən böyük ərməğandır. Aşıq sənəti də dövrün tələbi ilə altsistemlərə bölünüb. Zaman-zaman Anadolu, Göyçə, Borçalı, Qarabağ, Dərbənd, Gəncəbasar, Naxçıvan və s. aşıq mühitləri yaranıb. Bu mühitlərin hər birinin öz tarixi inkişaf mərhələsi var.
Hər bir aşıq mühiti, adətən, ustad aşıqların adı ilə sıx bağlıdır. Onların miras qoyduqları zəngin irs və yetirdikləri şəyirdlər həmin aşıq mühitinin böyüməsinə zəmin yaradıb. Ustad aşıqlar isə canlı bir tarix yaradaraq tarixin aparıcı qəhrəmanları olublar.
Saz əsrlərlə xalqın danışan haqq səsi olub. Zülmə, ədalətsizliyə və s. insan xilqətinə zərər verən vəziyyətlərə qarşı düşmən olan saz müqqədəs hesab edilmişdir. Hər bir bölgənin aşıqları müəyyən xüsusiyyətlərlə fərqlənib. Bu, onların ləhcəsində, təhsilində, ifalarının zənginliyində, səhnə mədəniyyətində və s. xüsusiyyətlərdə öz əksini tapıb. Danılmaz həqiqətdir ki, aşıqlar bizim çoxəsrlik tariximizdə musiqi mədəniyyətinin ən ünlü simaları olublar.
Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan ustad aşıq Camoy Qurbanovun 70 yaşı tamam olur. Hər zaman ustad aşıqlara böyük qayğı və diqqət göstərən Azərbaycan Aşıqlar Birliyində C.Qurbanovun yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı da bir sıra tədbirlər nəzərdə tutulur. Bu silsilədən ilk tədbir kimi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışının bütövlükdə bu ustad sənətkara həsr ollunması nəzərdə tutulmuşdu. İyul ayının 19-da ustadın özünün iştirakı ilə həmin verilişin çəkilişi baş tutdu. Çəkiliş zamanı professor
Məhərrəm Qasımlının təqdimatında ustadın ömür və sənət yolundan söhbət açıldı. Camoy Qurbanov çıxış edərək bu günkü yubiley tədbirinə və onun yaradıcılığına verilən yüksək qiymətə görə başda ölkə başçısı və Birinci vitse-prezident olmaqla Azərbaycan Televiziyasına və Aşıqlar Birliyinə dərin minnətdarlığını bildirərək tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür etdi və "Kərəm gözəlləməsi" aşıq havasını ifa etdi. Yubilayarın sənət dostları və gənc aşıqlardan Hüseyn (Hüsən) Şəmistanoğlunun ifasında "Mixəyi", Avdı Musayevin ifasında "Mirzəcanı" , Şahin Süleymanovun ifasında" Ruhani", Kifayət Nəbiyevanın ifasında "Dübeyti", Mahal İncəlinin ifasında "Yurd yeri", Murad Nəbiyevin ifasında "Şahsarayı", Ruslan İbrahimoğlunun ifasında "Koroğlu dübeytisi" aşıq havaları ifa olundu. Hüseyn Şəmistanoğlu və Kifayət Nəbievanın birgə ifa etdikləri" Kərəmköçdü" havası xüsusilə fərqləndi. Çəkilişin sonunda professor Məhərrəm Qasımlı yubilyarı təbrik edib, ustada yeni-yeni sənət uğurları arzu etdi.
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər