11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
ORFOQRAFIYA MƏSƏLƏLƏRİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB


Filologiya üzrə fəlsəfə doktoru İradə Arıxovanın yeni monoqrafiyası oxucuların ixtiyarına verilib.
Kitab müəllifin elmi rəhbəri, mərhum akademik Ağamusa Axundovun əziz xatirəsinə ithaf olunur. Monoqrafiya "Elm və təhsil" nəşriyyatında çap olnub, elmi redaktoru akademik Nizami Cəfərov, rəyçilər professor İsmayıl Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovadır. 
Monoqrafiyada müxtəlif sistemli dillərin orfoqrafiyasının prinsipləri və onların bir-biri ilə ümumi və diferensial əlamətləri öyrənilmişdir. Monoqrafiyada  ilk dəfə olaraq müqayisəli orfoqrafiyanın ümumi mənzərəsi araşdırılmış, dil normalarının sabitliyini təmin edən orfoqrafiyanın dilin quruluşundan asılılığı məsələsi, orfoqrafiyanın ictimai mahiyyəti, türk xalqlarının orfoqrafiyası ilə  Avropa dillərinin orfoqrafiyası arasında olan oxşar və fərqli cəhətlər, «ideal» orfoqrafiyanın bərqərar olmasındakı yollar, orfoqrafiyanın dilçilikdə təyinedici xüsusiyyətləri, sözlərin sərhədlərinin təyin edilməsində orfoqrafiyanın rolu, orfoqrafiyada unifikasiya məsələləri, orfoqrafiyanın prinsipləri, bir sözlə, iltisaqi, flektiv dillərdə orfoqrafiyanın səviyyələri dillərin bütöv strukturu ilə sıx və bağlı şəkildə, həm də kompleks halda araşdırılmışdır.
   Monoqrafiyada orfoqrafiya və onun prinsipləri, orfoqrafiya tətbiqi dilçiliyin bir sahəsi kimi, fonetik prinsip, morfoloji prinsip, tarixi-ənənəvi prinsip və digər prinsiplər haqqında ətraflı araşdırma aprılmışdır. Həmçinin orfoqrafiya və dilin quruluşu, iltisaqi dillər və orfoqrafiya, insirafi (flektiv) dillər və orfoqrafiya, İngilis dilinin orfoqrafiyasının özünəməxsusluğu və onun səbəbləri geniş araşdırılmışdır. İradə Arıxova qeyd edir ki, Orfoqrafiya tətbiqi dilçiliyin mühüm və perspektivli sahələrindən biridir. Bu sahə hər bir dilin yazı normalarının sabitliyini təmin edən, tənzimləyən qaydalar sistemidir. Tətbiqi dilçiliyin bu sahəsi nitqi yazıda əks etdirmək üçün müəyyən edilmiş, sözlərin deyilişi və yazılışı arasında olan sərhədi aradan qaldırmaq üçün müəyyənləşdirilmişdir. Bu mənada dilin yazı qaydalarını müəyyənləşdirən orfoqrafiyanın dil üçün mühüm normalaşdırıcı rolu inkaredilməzdir. Qrammatik quruluş dilin müəyyənliyi üçün ən vacib qat sayılır. Orfoqrafiya dilin quruluşunun ən müxtəlif tərəflərini əhatə edir. Orfoqrafiyanın bu gün sosial bir problem olması, tədqiqat üçün seçilən  mövzunun aktuallığını meydana çıxarır. Bu mənada hər bir ölkənin, o cümlədən müstəqilliyini qazanmış respublikamızın iqtisadi-mədəni yüksəlişində mükəmməlləşmiş orfoqrafiyanın rolu ən aktual problem olaraq qalır. 
 Müəllifin tədqiqat zamanı əsas məqsədi ilk növbədə orfoqrafiyanın elmi nəzəri əsaslarını tətbiqi dilçilik nöqteyi-nəzərindən səciyyələndirmək olub, bunun da öhdəsindən uğurla gəlib. 
Orfoqrafiya və yazı qaydaları fikri vahid bir yolla yazıda ifadə etməyə kömək edən, düzgün yazmağı, ayrı-ayrı sözləri və onların hissələrini birləşdirib yazmaq qaydalarını öyrəndiyi üçün orfoqrafiya dil normalarının sabitliyini təmin edən qaydalar sistemidir. Orfoqrafiya dil vahidlərinin yazılışını tənzimləyir, yazılı nitqin normalarını qanuniləşdirir. Monoqrafiyada hər bir dilin öz orfoqrafiya qaydalarının mövcudluğu və həmin qaydaların tarix boyu  sabit  qala bilməməsi nəticəsində zaman-zaman dəyişməsi də öz izahını tapıb. Orfoqrafiya dillə bağlı olduğu üçün onun lüğət tərkibində, fonetika və qrammatikada baş verən hadisələrə biganə qala bilməz deyə vurğulayan müəllif dildə baş verən dəyişikliklərin orfoqrafiya qaydalarına da təsir göstərdiyini və  onda müəyyən dəyişikliklər aparılmasını zəruriləşdirdiyini eləcə də köhnəlmiş qaydaların yeniləri ilə əvəz olmasının da xüsusi elmi izahını verib.  
Son illər müxtəlif dillərin orfoqrafiya qaydalarının yeni layihələri meydana çıxsa da qaydalarda yenə də müəyyən qüsürlar özünü göstərir deyərək İradə Arıxova milli sözlərimizin yazılış qaydaların birinci izah edilməsini əsas götürüb.
  Kitab dilçilər, ali məktəb müəllimləri və filologiya fakültələrinin tələbələri, orta məktəb müəllimləri, bir sözlə Azərbaycan dilinin öyrənilməsi üçün dəyərli mənbə sayıla bilər. Müəllifə gələcək elmi araşdırmalarında uğur diləyirik. 
                                                 












 İlhamə Cəlalqızı (Qəsəbova),
  filologiya üzrə fəlsəfə doktoru,
  dosent, Prezident təqaüdçüsü


Tarix: 30-06-2021, 16:59 Oxunub: 1 049


Bölməyə aid digər xəbərlər