Tarixlərə qalasıdır bu ktab - Aşıq Ələsgər mədəni sərvət xəzinəmizdir...

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Hələ 1972 ci ildə  Ələsgər yurdunun  parlaq simalarından biri olan  Məhəmməd Cəfərin   “Aşıq Ələsgər- 150”  yubileyindən alıb gətirdiyi kitaba ithafən yazdığı şeir bu günə qədər də öz aktuallığını itirməmişdir…

Əllərimdə Ələsgərin kitabı,
Bəndənin Allaha müslüm xitabı,
Qabaqdadır hələ haqqı-hesabı, 
Tarixlərdə qalasıdır bu kitab. 

Miskin bulağından gələn sısqadı,
Aşdı, daşdı, dəryalaşdı, susmadı,
Dahilərin dünyasında var adı,
Tarixlərdə qalasıdır bu kitab.

Dədəmizdən bizə qalan kitabdı,
Bunu əldə tutmaq - belə savabdı,
Nadanlara, naşılara cavabdı,
Tarixlərdə qalasıdır bu kitab. 

Daşı qızıl, qumu gövhər hörgüdü,
Minarələr ərş üzünü bürüdü,
Yerlə göyün arasında körpüdü,
Tarixlərdə qalasıdır bu kitab. 

Nizamidən, Nəsimidən söz açır,
Əl çatmayan zirvələrə yol açır,
Əlif-bey-lə, lamı-kaf-la danışır,
Tarixlərdə qalasıdır bu kitab.

Bir tilsimli uca qala bürcüdü,
Çölü atlas, içi gövhər mücrüdü,
Xeybər qalasında Əli gücüdü,
Tarixlərdə qalasıdır bu kitab. 

Ələsti-birəbbüküm qalü-bəladı,
Ünvanı məchuli -Xəlqi -Təaladı,
Məscidi- Əqsadı, sirli qaladı,
Tarixlərdə qalasıdır bu kitab.

Vərəqlədim, əl toxundu, od aldı,
Pərvazlandı, ucaqldıqca ucaldı,..
Dar ayaqda ehtiyatdı, macaldı,
Tarixlərdə qalasıdır bu kitab. 

Yerdən, göydən, ərşdən, gürşdən danışır,
Nuruna qərq olur, gözlər qamaşır,
On səkkiz min aləmlərə yol açır,
Tarixlərdə qalasıdır bu kitab. 

Təfsiri-Qurandı, nübuvvəti - nur,
Kəbəyə zinnətdi, libası billur,
Öpüb gözə qoysan, gətirər uğur,
Tarixlərdə qalasıdır bu kitab..

İbrahimdən , İsmayıldan başladı,
Yol üstündə kor şeytanı daşladı,
Əlalar üstündən, bir də əladı,
Tarixlərdə qalasıdır bu kitab.

Sağ əlimdə dəstəmazdı, təsbehdi,
Altı üzə bir mübarək təşbehdi,
Vəsfi-pənci-əla, zühuru Mehdi,
Tarixlərdə qalasıdır bu kitab.. 

Oxu, əlindəki kitaba söykən,
Budur şerimizin qeyrətin çəkən,
Könüllər mülkündə, yurd-yuva tikən,
Tarixlərdə qalasıdır bu kitab.

Ağam Miskin Abdal verib dərsimi,
Arif olan, düzə yozsun tərsimi,
Məhəmməd Cəfərəm, yazdım ərzimi,
Tarixlərdə qalasıdır bu kitab.

Haşiyə: Qeyd edək ki, Məhəmməd Cəfər Aşıq Ələsgərin məşhur tədqiqatçısı şair-filosof Hacı Loğman Qorqudun atasıdır. Görünür ki, bu kökdən gələn bir ənənədir.

Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı  Sərəncam hər birimizin ürəyindən xəbər verdi. Bu böyük qiymətə və qədirşünas dəyərləndirməyə görə Cənab Prezidentimizə təşəkkür edirik.

Aydın Adıgözəlli, ATİA.AZ


Tarix: 6-03-2021, 08:49 Oxunub: 990


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?