Əziz oxucular, əziz ictimaiyyət, qarşımda çox nəfis tərtib edilmiş, olduqca gözəl, bu tərtibatda yalnız müqəddəs Qurani Kərimə bənzəyən bir kitab var. Müəllifi Hacı Loğman Qorqud olan, Aşıq Ələsgər haqqında yazılmış bu kitab 620 səhifəlik möhtəşəm bir elmi-monoqrafiyadır.
Kitaba ön sözü Xalq şairi Zəlimxan Yaqub və professor Buludxan Xəlilov yazmış, elmi redaktoru Buludxan Xəlilovdur. Kitab 2013-cü ildə çapdan çıxıb.
Mən də bir media nümayəndəsi kimi, 18 mart 2013-cü ildə Azərbaycanın bir çox nifuzlu elm və sənət adamlarının iştirakı ilə bu kitabın Dərnəgül istirahət mərkəzində keçirilən təqdimatında iştirak etmişəm və o izdihamın canlı şahidiyəm. Bu 8 il ərzində dəfələrlə bu kitaba həsr olunmuş tele-verilişləri izləmişik.
Təəssüf ki, Cənad Prezidentin (“Aşıq Ələsgər 200”) imzaladığı fərmanla bu yubiley dönəmində əlaqədar gedən tele-verilişlərdə bu kitab və müəllif haqqında bircə kəlmə də deyilmir. Yaxşı, kitab bəyənilmirdisə, niyə bu 8 il ərzində kimsə səsini çıxarmırdı?
Yox qəbul olunurdusa, bəs bu kitab, kitabın müəllifi niyə ortada yoxdur?
Bunu da deyim ki, kitab haqqında müxtəlif zamanlarda çox böyük elm adamlarının yaxşı mənada çox dəyərli məqalələri Kredo və başqa qəzetlərdə, saytlarda yer alıb. Həqiqətən kitab olduqca dəyərli elmi məlumata və çəkiyə malikdir. Amma nədən işıqlanmır, maraqlıdır.
Zaman –zaman Aşıq Ələsgərin şeirlərinin öz Ustadı Aşıq Alıya məxsus olduğu və Əlsəgərin adına çıxıldığı müqayisəli məqamlar el içində dolaşmaqdadır. Vaxti ilə xalq Şairi Hüseyn Arif də bu məqamla bağlı çox narahatlıqlar keçirmişdi. Bəlkə aşığın nəslinin davamçıları həqiqətin üzə çıxmasından, şeirlərin Aşıq Alıya məxsusluğundan ehtiyat edərək müəllifi və kitabı gizlədirlər??
Hər halda bu qaranlıq məqamlara işıq salmaq üçün müəllifə və aşığın nəsil davamçılarına müraciətimiz var.
Xahiş edərdik Aşıq Ələsgər nəslinin davamçılarından və kitabın müəllifindən, bu məsələyə aydınlıq gətirsinlər.
Həqiqət haradadır, bu Aşıq Ələsgər nəslinin davamçıları ilə "Aşıq Ələsgər" kitabının müəllifi arasında olan inciklikdimi? Bəlkə də başqa bir səbəb var...
Hər iki tərəfin mövqeyini işıqlandırmağa hazırıq və inanırıq ki, bu açıqlamalar bütün qaranlıq məqamlara işıq saçacaq..
Aydın Adıgözəlli, ATİA.AZ
Bölməyə aid digər xəbərlər