13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib"-Anar Nəbiyev

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi yer tutur.  Azərbaycan-Avropa İttifaqı əlaqələrinin  yüksələn xətlə inkişafı bunun bariz nümunəsidir. Qurumla ölkəmiz arasında əlaqələr  müxtəlif istiqamətlərdə uğurla inkişaf edir ki,  bu baxımdan enerji amilini xüsusi qeyd etməliyik. Azərbaycan regional  inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi hər zaman beynəlxalq səviyyədə təqdir olunur. Dövlət başçısı İlham Əliyevin avqustun 31-də İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə  Romaya işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə, Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda  “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında bu kimi məqamlara bir daha aydınlıq gətirildi. 
 Ölkəmizin iştirakçısı olduğu, ən əsası regional çərçivədə qurulan əməkdaşlığın illər keçdikcə beynəlxalq miqyas alması, coğrafiyasını genişləndirməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Cənub Qaz Dəhlizinə dair Birgə Bəyannamə ölkəmizin Avropa üçün önəmini nümayiş etdirdi. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı ölkəmizlə qurum arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” özündə bütün məqamları ehtiva edir. Belə ki, münasibətlərin inkişafına baxış fonunda perspektivlər müəyyənləşdirilərək onların icrası istiqamətində addımlar atılır.  Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqına üzv dövlətlər üstünlük təşkil edir.  Azərbaycan  Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq Bəyannamələrini imzalayıb.  Bu o deməkdir ki, ölkəmiz Aİ ölkələrinin üçdəbiri ilə strateji tərəfdaşlıq formatı yaradıb. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir.  Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. 
    Dövlət başçısı İlham Əliyev qeyd olunan çıxışında Azərbaycanın enerji siyasətinin ayrı-ayrı mərhələlərindən geniş bəhs etmişdir. Tarixən neft ölkəsi olan Azərbycanın qısa müddətdə qaz ixracatçısına çevrilməsi xüsusi olaraq diqqətə çatdırılmışdı. Azərbaycan reallaşdırdğı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib  edir.  Ölkəmiz  enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır.
     Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, bu ilin iyul ayında  Avropa Komissiyasının Prezidenti xanım Ursula  Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində  dövlət başçısı  İlham Əliyevin və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin mətbuata bəyanatlarında bu məqam bir daha diqqətə çatdırıldı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq  böyük nailiyyətdir. İmzalanan Memorandumu gələcək üçün bir növ yol xəritəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirmişdir ki,  əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub və  bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.
   Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında  da  Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının bütün ölkələr üçün böyük perspektivlər vəd etdiyini bildirərək sözügedən sənədi enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım kimi dəyərləndirmişdir.  Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir. Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Bura yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi,  yaşıl hidrogen daxildir.
   Ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir. 
Anar Nəbiyev 
YAP Qazax rayon təşkilatının sədri



Tarix: 6-09-2022, 11:55 Oxunub: 227


Bölməyə aid digər xəbərlər