Müstəqil Azərbaycan Respublikası Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında həmişə fəal iştirak etmişdir. İndiyədək keçirilən bütün Zirvə Toplantılarında Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə, regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanılmasına, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsinə öz dəyərli töhfəsini vermişdir. Xəzəryanı ölkələr arasında indiyədək keçirilən Zirvə Toplantılarında ölkəmiz fəal iştirakına görə digər ölkələrdən seçilir.
90-cı illərin əvvəllərində Sovetlər Birliyi dağıldıqdan sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi zərürəti meydana çıxdı. Özünün geosiyasi mövqeyi, zəngin karbohidrogen ehtiyatları, nəhəng nəqliyyat dəhlizləri və digər sərvətləri Xəzər dənizinin hüquqi statusunun gücləndirilməsi reallığını gündəmə gətirdi. Odur ki, strateji əhəmiyyətə malik Xəzər dənizinə dünya dövlətlərinin marağı getdikcə artırdı. Lakin Xəzərin sahilyanı beş ölkə arasında bölünməsi və sərhədlərinin müəyyənləşdirilməsi məsələsi öz həllini gözləyirdi. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı sahilyanı ölkələr arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfə vermiş, həmin Zirvə Toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. 2018-ci il avqust ayının 12-də keçirilən V Zirvə Toplantısı isə Xəzər Dənizinin statusu haqqında Konvensiyanın imzalanması ilə tarixə düşdü. Bu Konvensiya Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməs prossesini başa çatdırdı. Bu Konvensiyanın imzalanmasında Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlər böyük əhəmiyyət daşıdı.
Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra Müstəqil Azərbaycan bölgədə yeni reallıqlar yaradır. Ölkəmiz beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə böyük və əhəmiyyətli işlər görür. Bunun nəticəsidir ki, bu gün dünyanın aparıcı ölkələri, beynəlxalq təşkilatları, siyasi mərkəzləri Azərbaycan reallıqlarını qəbul edərək ölkəmizlə qarşılıqlı əməkdaşlıq sahəsində yeni – yeni addımlar atır və çoxsaylı təkliflər irəli sürürlər.
2022-ci il iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında möhtərəm Prezidentimiz İlham Əliyev çıxışında vurğuladı ki, Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin əsasında bütün tərəflərin mənafeləri nəzərə alınacaq, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət olunacaq və region xalqlarının rifahının yüksəldilməsi üçün bir çox beynəlxalq və regional layihələr həyata keçiriləcəkdir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması sahilyanı dövlətlərin əsas prioritetlərindən biridir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır.
Xəzər dənizində həyata keçirilən layihələr bölgə xalqlarının rifahının daha da yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Respublikamız həm də Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında müstəsna rol oynayır. Respublikamız Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə çalışır. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək, nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq və regionda sabitləşdirici rol oynayacaqdır.
Çıxışı zamanı ətraf mühitin bu günkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına da toxunan ölkə başçımız Xəzər dənizinin dayazlaşması barədə həmkarlarıyla fikir mübadiləsinin aparıldığını, ekoloji fəlakətlərin səbəblərinin aşkarlanması və qarşısının vaxtında alınmasına yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarınnın yaradılması işinin davam etdiriləcəyini də bildirdi.
Beləliklə, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının Aşqabadda səmərəli və işgüzar şəkildə keçirilməsi bir daha sübut etdi ki, bu toplantı, sahilyanı dövlətlər qarşısında duran mühüm məsələlərin həllinə və hər bir sahilyanı dövlətin bundan bəhrələnməsinə böyük töhfə verəcəkdir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər