11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Azərbaycanın enerji təhlükəsizliyi möhkəm təməllər üzərində qurulub" -Vüqar Əyyubov

Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan regionda yeganə ölkədir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Bu amil  ölkəmizi təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində mühüm mövqeyə, transmilli enerji bazarlarında özünəməxsus yer tutmağa və Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməyə  gətirib çıxarmışdır. Odur ki, bu gün Azərbaycan Avropada həm də etibarlı bir tərəfdaş kimi qəbul olunur.
        Azərbaycanın enerji ehtiyatları həm də iqtisadiyyatımızın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir və ölkəmizin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici əhəmiyyətə malikdir. Buna görə də əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan enerji təhlükəsizliyi strategiyası, mövcud təbii ehtiyatlardan - neft, qaz, enerji potensialından səmərəli istifadə edilməsi siyasəti ölkəmizin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birinə çevrilmişdir. Əbəs yerə deyildir ki, hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. 
         İki illik fasilədən sonra Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi böyük əhəmiyyətə malikdir. Bakı Enerji Həftəsi çərçivəsində üç layihə- 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgiləri, Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu keçirilmişdir. Ənənələrə uyğun olaraq hər üç layihə ilə bağlı tədbirlər yüksək səviyyədə baş tutdu. 
Möhərəm Prezidentimiz həmişə olduğu kimi yenə də, Bakıda keçirilən sərgilərə davamlı olaraq dəstəyini verdi və ənənəvi olaraq bu mühüm sənaye tədbirinin açılışında iştirak etdi. Buradakı çıxışı zamanı Dövlət Başçımız pandemiya səbəbindən ikiillik fasilədən sonra Xəzər Neft və Qaz Sərgisinin yenidən başlanmasına görə təşkilatçılara öz təşəkkürünü bildirərək, qeyd etmişdir ki, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacibdir. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etmiş və Azərbaycanın Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyi artıq baş tutmuşdur. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir.
Möhtərəm Prezidentimiz buradakı çıxışı zamanı bildirmişdir ki: “Cənub Qaz Dəhlizinin icrası ilə məşğul olduğumuz zaman biz boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq qurmuşuq. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman biz anladıq ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir.”      
Bakı Enerji Həftəsinin iştirakçılar üçün gözəl fürsət olduğunu xüsusilə vurğulayan Cənab Prezidentimiz qeyd etmişdir ki, mühüm məsələlərin müzakirəsi üçün qonaqlarımız arasında bir çox ölkələrdən yüksək səviyyəli rəsmilər iştirak edir. Eyni zamanda Biz, Cənub Qaz Dəhlizinin komanda üzvləri, o cümlədən hökumətləri ilə fəal dialoqu davam etdirməliyik. Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin - Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın hökumətlərinə fəal əməkdaşlıq etdiklərinə görə Dövlət Başçımız öz təşəkkürünü bildirmişdir. Bununla belə, biz prosesin sürətləndirilməsi üçün əlimizdən gələni edəcəyik və bu, artıq başlayıb fikrini bildirən Prezidentimiz həmçinin, Birləşmiş Ştatların və Birləşmiş Krallığın hökumətlərinə, beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına, Asiyanın İnfrastruktur və İnvestisiya Bankına, yəni Cənub Qaz Dəhlizini maliyyələşdirmiş bütün banklara da təşəkkür etmişdir. 
Bəli, vaxtilə Azərbaycanın etibarlı bir tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər bu gün artıq öz fikirlərini dəyişməkdədirlər. Artıq bu sahədə müəyyən eyhamlar görünür və Azərbaycan  buna tam hazırdır. Bu gün ölkəmiz köməyə ehtiyacı olan hər bir dost ölkəyə yardımlar edir, köməkliklər göstərir. Bunun üçün Prezidentimizdə güclü siyasi iradə vardır və hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub. Prezidentimizin tədbirdə söylədikləri önəmli fikirlər beynəlxalq tərəfdaşlarımız üçün də xüsusi əhəmiyyət daşıyır. SOCAR və BP arasında strateji tərəfdaşlığı xüsusilə vurğulayan ölkə başçısı onu da qeyd etdi ki: “Bizim üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Mən çox məmnunam ki, BP bərpaolunan enerji sahəsinə maraq göstərir. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir və ümidvaram ki, tezliklə yaxşı nəticələr olacaq.”
Müstəqil Azərbaycanın enerji siyasəti həm də regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq aləmdəki mövqeyini, həmçinin regionun və dünyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə də öz  strateji töhfələrini verməkdədir. Hazırda dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazda təhlükəsizlik diyarı, qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın vacib siyasi əhəmiyyətini yüksək dəyərləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz etibarlı bir tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir və onu yüksək qiymətləndirirlər.

Vüqar Əyyubov 
YAP Qazax rayon təşkilatı
Qazax Dövlət Sosial İqtisadi Kolleci
ərazi partiya təşkilatının sədri 


Tarix: 6-06-2022, 11:51 Oxunub: 889


Bölməyə aid digər xəbərlər