11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Azərbaycandakı mövcud siyasi və iqtisadi sabitlik regionda enerji təhlükəsizliyinə böyük töhfədir" - Anar Nəbiyev

    Ölkəmizdə hansı sahəyə nəzər yetirsək orada Ulu Öndərimiz Heydər Əliyevin tarixi xidmətlərini görürük. Azərbaycanın neft-qaz strategiyasında özünəməxsus yer tutan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi də 1994-2003-cü illərdə, ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə baş tutmuşdur.
    İlk sərgi 1994-cü ilin sentyabr ayında respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək,  Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir. O vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü,  memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydana çevrildi. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya və digər sahələr üzrə ixtisaslaşmış şirkətlər, eyni zamanda sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir. 
    Bu günlərdə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi bir daha sübut etdi ki, doğrudan da ölkəmizin paytaxtı Bakı şəhəri   region üçün ən əhəmiyyətli tədbirlərin mərkəzidir. Sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edirdi.
    Respublikamız müstəqillik illərində öz enerji təhlükəsizliyinə yetərincə sərmayə yatırmış və daxili tələbatını tam şəkildə təmin etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində vurğulamışdır  ki, Cənub Qaz Dəhlizi nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu, artıq özünü büruzə verməkdədir. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm Azərbaycan, həm də tərəfdaşlar üçün çox vacibdir. Ölkəmiz hasilatın və ixracın artırılmasında böyük uğurlar əldə edir. Ötən il Azərbaycan tərəfindən 22 milyard kubmetr təbii qaz ixrac olunması, cari il isə bu rəqəmin 24 milyard kubmetrə çatdırılacağı proqnozu bunun bariz ifadəsidir. Azərbaycanın Xəzərdəki sektorunda yerləşən qaz potensialı yalnız “Şahdəniz”lə məhdudlaşmır, digər yataqlar da çox perspektivlidir. Gələn il bu yataqların bəzilərindən hasilata başlanacağı gözlənilir. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə kimi qiymətləndirilir.
   Prezident İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizinin gələcək perspektivi ilə bağlı da fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı vuğulayıb ki: “Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman biz anladıq ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir. İndi isə bizə, sadəcə, işləmək, yeni körpüləri salmaq, yeni əlaqələri qurmaq, interkonnektorları yaratmaq və Avropanın qaz bazarında fəaliyyətimizi genişləndirmək qalır.” Prezidentimiz həmçinin qeyd edib ki, hazırda vəziyyət tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazın böyük həcmdə hasil edilməsi mümkünsüzdür. Dövlət başçısı eyni zamanda vurğulayıb ki: “Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə planlaşdırmırdıq, çünki Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir. Onun sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var. Əlbəttə, bu, vaxt və çoxlu maliyyə vəsaitlərini, o cümlədən sıx əlaqələndirməni, əməkdaşlığı və bütün iştirakçı ölkələrlə fəal dialoqu tələb edəcək.” 
Dövlətimizin başçısı çıxışında bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələlərinə də toxunaraq respublikamızda yenilənən enerjinin reallaşdırılmasının mühüm önəm daşıdığını da diqqətə çatdırdı və artıq bu sahədə ciddi işlər görüldüyünü  qeyd etdi. Çıxışı zamanı ölkə başçısı bildirdi ki: “Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib. Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik.” 
   Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycanın bərpaolunan enerji potensialı haqqında bir çox ətraflı çıxışlar edildi. Xəzər dənizinin Azərbaycan sektorunun bu sahədə potensialının 150 min meqavat, işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat təşkil etdiyi bildirildi. Bütün bunlar hazırda Azərbaycan hökuməti tərəfindən ciddi şəkildə nəzərdən keçirilir və bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyulacağı, nəticədə nə qədər qaza qənaət ediləcəyi və ixrac olunacağı araşdırılır. Dövlətimizin başçısı çıxışında Azərbaycanda qeyri-neft-qaz sahəsində əldə edilən uğurları da diqqətə çatdırdı. Ölkə rəhbəri enerji diplomatiyasının ölkəmizin iqtisadi potensialını gücləndirdiyini, dərin islahatlarla yanaşı, neft-qaz sektorundan gələn gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldildiyini xatırladaraq, məhz bunun nəticəsində təkcə caril il ümumi daxili məhsulun 7,2 faiz, qeyri-neft sektorunda 11,5 faiz, qeyri-neft sənayesində isə 15 faizdən artıq artım qeydə alındığını, xarici borcun isə ümumi daxili məhsulun yalnız 12,5 faizini təşkil etdiyini bildirdi.
Bütün beynəlxalq tədbirlərdə olduğu kimi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxşında da Möhtərəm Prezidentimiz xoş gələcəyə hesablanmış bir sıra dəyərli, uzaqgörən fikirlər səsləndirdi. Qeyd etdi ki, biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, həm də elektrik enerjisi üçün mühüm ixraç marşurutu ola bilər. Biz bu işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktik addımlar atırıq. Vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. 
    Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Bu gün beynəlxalq aləmdə Azərbaycan 100-dən artıq ölkəyə köməklik göstərən, yardımlar edən donor bir ölkə kimi tanınır. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub. Bundan əlavə, biz zəruri infrastruktura malikik. Yeni dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları. Azad olunmuş ərazilərdə üç yeni hava limanımız olacaq. Onlardan biri artıq istifadəyə verilib. Beləliklə, Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Nəhayət ölkəmizin əlverişli coğrafi mövqeyi, yəni, neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı da mütləq nəzərə alınmalıdır.
Bu gün dünyadakı geosiyasi vəziyyət bir neçə ay bundan öncəki ilə müqayisədə kəskin şəkildə fərqlidir. Belə bir vaxtda Azərbaycan istənilən ölkədən olan hər bir şirkətlə əməkdaşlıq etməyə hazırdır. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialının gücləndirilməsi üçün yeni imkanlar yaradır. Ölkə Prezidentimizin cəsarətli islahatları nəticəsində neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər bundan sonra da iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldiləcəkdir ki, bu da ancaq və ancaq Müstəqil Azərbaycanımızın, müdrik xalqımızın xoş, firavan gələcəyinə xidmət edəcəkdir. 
 Anar Nəbiyev
 YAP Qazax rayon təşkilatının sədri


Tarix: 3-06-2022, 18:55 Oxunub: 857


Bölməyə aid digər xəbərlər