Müdrik Azərbaycan xalqı heç də hamar olmayan müstəqillik yollarında çox üzüntülər yaşamış, saysız – hesabsız faciələrə, bədbəxtliklərə sinə gərmiş, işğala, haqsızlığa, ədalətsizliyə məruz qalmışdır.
Tarix xalqımızı ağır sınaqlara çəksə də müdrik xalqımıza tək XX əsrdə müstəqillik və azadlıq hisslərini duymaq iki dəfə nəsib olmuşdur. İlk dəfə 104 il bundan əvvəl, 1918-ci il may ayının 28-də gərgin bir tarixi dövrdə Rus İmperiyasının dağılması nəticəsində Azərbaycan xalqı müstəqilliyə qovuşdu və cəmi 23 aydan sonra süqut etdi. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. 1920-ci ilin noyabrında heç bir əsas olmadan sovet hakimiyyətinin qərarı ilə tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Xalqımıza qarşı olan düşmənçilik və ədalətsizlik bununla bitmədi. XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb tarixi Azərbaycan torpaqlarında, Qarabağda məskunlaşdırıldı. Xalqımıza qarşı törədilən tarixi ədalətsizliklər davam etdirilərək 1923-cü ildə heç bir əsas olmadan qanunsuz bir addım atıldı, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bütün bunlar xalqımıza qarşı həyata keçirilən düşmənçiliyin, ədalətsizliyin bariz nümunəsidir.
27 may 2022-ci il tarixdə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində çıxış edən Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təbirincə desək: “Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”.
Müstəqilliyimizin ikinci dəfə əldə olunması o dövrdəki tarixi zərurətdən yaranmışdırsa, onun qorunub saxlanılması, möhkəmləndirilməsi, əbədiliyinin təmin olunması olduqca çətin, məsuliyyətli və şərəfli bir vəzifə olaraq qalırdı. Lakin bu sınaqlardan da xalqımız əsası Ulu Öndərimiz, Dahi Rəhbərimiz Heydər Əliyev tərəfindən qoyulan, Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə, qətiyyətlə davam etdirilən uzaqgörən siyasət nəticəsində üzü ağ çıxdı.
Bu gün Cənubi Qafqazın lider ölkəsi olan müstəqil Azərbaycan beynəlxalq aləmdə heç bir ittifaqa, heç bir bloka qoşulmayan, güclü iqtisadiyyata, müstəqil siyasətə, Qüdrətli Orduya malik bir ölkə kimi tanınır.
Hazırda bölgədə təhlükəsizlik diyarı kimi tanınan Azərbaycan siyasi sabitliyin, davamlı inkişafın bərqərar olduğu, dünyada ən çox islahat aparan on ölkədən biridir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən öklələrdən biri Azərbaycandır. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” fikrinin müəllifi olan Möhtərəm Prezidentimiz Zəngilanda çıxışı zamanı “Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur” fikirlərini də xüsusilə vurğuladı.
Bu gün müstəqil Azərbaycanın iqtisadi gücü, hərbi gücü sürətlə artmaqdadır. Artıq müstəqil Azərbaycan dünyanın 100-dən artıq ölkəsinə yardımlar edən, köməkliklər göstərən donor bir ölkədir. Ermənistanın isə acınacaqlı vəziyyəti göz qabağındadır, erməni xislətinin, erməni məkrinin, məhz onların işğalçılıq siyasətinin nəticəsidir ki, bu gün ermənistan nə hərbi, nə siyasi, nə də iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla biməz.
Bəli, bu gün bir müstəvidə günü – gündən həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən güclənən, dünyada sülhsevər, tolerant, multikultural bir ölkə kimi tanınan Qalib Azərbaycan, digər müstəvidə bütün sahələr üzrə acınacaqlı vəziyyətdə olan kapitulyant Ermənistan dayanır.
44 günlük Şanlı Vətən mühaibəsində nəinki Ermənistan və onun havadarları, həmçinin bütün dünya, təməlində milli həmrəylik, milli birlik, milli qürur, ləyaqət, güclü iradə, vətənpərvərlik, xalq – ordu birliyi, Lider - xalq həmrəyliyi dayanan Azərbaycanın qüdrətinin, gücünün bir daha şahidi oldu. Odur ki, postmünaqişə dövründə də diktə edən tərəf Azərbaycandır. Doğma Qarabağımızın tarixi Azərbaycan ərazisi olduğu bütün dünya tərəfindən artıq qəbul edilib. İnanırıq ki, zaman – zaman öz hədəflərinə çatan Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip əsasında yaxın vaxtlarda sərhədlərin delimitasiyası həyata keçiriləcək, qədim İpək yolunun tərkib hissəsi olan Zəngəzur dəhlizi açılacaq və bununla da Ermənistan və Azərbaycan arasında davamlı sülh müqaviləsi imzalanacaqdır.
Tezliklə dünyanın ən dilbər güşələrindən birinə çeviriləcək dörd Lüksemburq, bir Livan ölkəsi bərabərində olan doğma Qarabağımız bu gün böyük tikinti meydanını xatırladır. Bərpa – quruculuq, inşaat işləri sürətlə davam etdirilir, dəmir yolları, avtomobil yolları çəkilir, bu il istifadəyə veriləcək Zəngilan hava limanı tikilir. Birinci pilot layihə kimi Zəngilanın Ağalı kəndində 200 evdən ibarət “Ağıllı kənd” layihəsi çərçivəsində gözəl bir kənd salınıb. Məşğulluq, məktəb, baxça, tibb məntəqəsi və bütün xidmətlərin də fəaliyyət göstərəcəyi bu kənddə əlavə 150 evin də inşa edilməsi nəzərdə tutulur. Odur ki, artıq “Böyük qayıdış” prosesinə start verilib və yaxın vaxtlarda Qalib Xalqın, Qalib vətəndaşları əbədi olaraq öz dədə-baba yurdunda-cənnət Qarabağımızda xoşbəxt, firavan yaşayacaqlar!
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər