Cari ilin iyul ayı xarici siyasət uğurlarımızın davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev bu günlərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdə oldu. Zirvə görüşü çərçivəsində cənab İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında bir sıra görüşləri oldu. Bu, ölkəmizin nüfuzunun, dövlətimizin başçısına böyük etimadın göstəricisi idi. Diqqət yetirdikdə tarixi Zəfərimizdən sonra Azərbaycanın ev sahibliyi etdiyi, yaxud fəxri qonaq qismində dəvət olunduğu beynəlxalq əhəmiyyətli tədbirlərin sayının artdığını görürük. Dövlət başçısı İlham Əliyevin bu tədbirlərdə iştirakı, müasir dövrün çağırışlarını səsləndirməsi, aktual məsələlərlə bağlı mövqeyini bildirməsi beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycanın, onun Prezidentinin məsələlərə yanaşmasına verilən önəm hər birimizi qürurlandırır.
Cənab İlham Əliyevin bu səfəri, eyni zamanda, Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirməsinin təsdiqidir. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci ildə qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb.Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda və daha geniş Xəzər dənizi hövzəsində Böyük Britaniyanın etibarlı tərəfdaşıdır. Bu tərəfdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlərdə də özünü aydın şəkildə göstərir.
Dövlətimizin başçısı İlham Əliyev sözügedən Zirvə görüşü çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış etdi. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin nümayişidir. Ölkəmiz malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə mühüm enerji layihələrinin iştirakçısına və təşəbbüsçüsünə çevrilib. Ən əsası Azərbaycan təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır. Hər bir layihənin uğurlu sonluqla başa çatmasına səy göstərən Azərbaycan hazırda regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınır. Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əvəzedilməz ölkələrdən biridir. Birliyin Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlətimizin başçısının çıxışı rəğbətlə və maraqla qarşılandı.
“Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir” söyləyən cənab İlham Əliyev bu fikirləri ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında artan rolunu açıqladı.
Onu da qeyd edək ki, Azərbaycan bəlkə yeganə ölkədir ki, regionda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan neft hasil edən ölkələrlə fəal şəkildə işləyir. Dövlətimizin başçısı sözügedən dəyirmi masadakı çıxışında onu da əlavə etdi ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır.Onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.
Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik. Həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq.
Göründüyü kimi, Azərbaycan dünyanın enerji təhlükəsizliyini təmin etmək üçün səylərini daha da artırır. Azərbaycan etibarı təchizatçıdır. Ölkəmizin enerji siyasəti əməkdaşlığa, təhlükəsizliyə, qarşılıqlı etimada və etibara əsaslanır. 2022-ci il iyulun 18-də Bakıda imzalanan Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu kimi məqamların təqdimatı oldu. Həyata keçirilən enerji layihələri Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini daha da möhkəmləndirir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər