13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"Uzaqgörən xarici siyasətimizin müəllifi " - İsgəndər Qurbanov

    Tariximizi  müstəsna xidmətləri  ilə zənginləşdirən Ümummilli Lider Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur.Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və xoş-firavan gələcəyə aparan yolları müəyyən etmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və öz ölkəsinin strateji maraqları əsasında yenidən qurdu. Ulu Öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır.” Sözünə davam edərək Ümummilli Lider Heydər Əliyev bu sahədə buraxılan səhvlərə də diqqəti yönəldir: “Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır.”
     Heydər Əliyev həmin dövrdə Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğuladı. O, özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqlar nəzərə alındı və Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.
      1993-cü ildən başlayaraq  Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr quruldu və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslandı. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək etdi və bizim üçün çox əhəmiyyət daşıdı. Qardaş Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin olduqca böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması - hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Ümummilli Liderimizin təbirincə desək, “Biz bir millət, iki dövlətik.”
     Azərbaycan müstəqillik əldə edən kimi, sərhədlər açılan kimi, bir-birimizlə əlaqələr asanlaşan kimi dostluğumuz, qardaşlığımız böyük bir fəvvarə kimi püskürdü və bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə ilə Azərbaycan keçmişdə də bir olub, bu gün də birdir, gələcəkdə də bir olacaqdır. Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq sivilizasiyasını həm coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən birləşdirən bir ölkədir. Biz bu tarixi missiyamızı çox yüksək qiymətləndiririk. Şərqlə Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi ilə İslam aləmini birləşdirən Azərbaycan müstəqil dövlətdir və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır. Türkdilli dövlətlərdən olan Özbəkistanla Azərbaycanı çox şeylər bağlayır, tarixi köklərimiz birdir, dilimiz, musiqimiz, dinimiz, adətlərimiz, bütün ənənələrimiz də birdir. Biz eyni köklərə mənsubuq və onları, milli xüsusiyyətlərimizi, milli mənşəyimizi indi daha çox qiymətləndiririk. Bu, müstəqil, suveren dövlətlər kimi Özbəkistanın da, Azərbaycanın da yer üzündə möhkəm durması və mövcud olması üçün onların müstəqillik və suverenliyini heç kimin poza bilməməsi üçün çox zəruridir. Eyni zamanda Azərbaycan xalqı Misirin qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük hörmət və ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan əlaqələri   də çox əzizdir. Bütün dünya dövlətləri ilə xoş münasibətlər qurmağa çalışan Azərbaycanın  olduqca zəngin iqtisadi və intellektual potensiala malik böyük ölkələrdən olan  Ukrayna ilə də qarşılıqlı əlaqələri və dostluq münasibətləri vardır.           Ukrayna  çox mühüm coğrafi-strateji mövqedə yerləşir, müasir beynəlxalq həyatda, dünya siyasətində və Avropa Birliyi strukturlarında
əhəmiyyətli rol oynayır. Buna görə də Ukrayna ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın bizim üçün çox böyük əhəmiyyəti vardır.
Ümummilli Lider Heydər Əliyevin qurdğu  və bizlərə əmanət etdiyi Müstəqil Azərbaycan dövləti bu gün dünyanın bütün ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələr yaradıb və münasibətlərin yüksələn xətlə inkişafına xüsusi önəm verir.  Ölkəmizin  Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.
    Hazırda dövlətimizin başçısı tərəfindən həyata keçirilən xarici siyasət mükəmməl konsepsiyaya əsaslanır. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirdiyini bildirərək belə demişdir: “Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır.”

İsgəndər Qurbanov
YAP Qazax rayon təşkilatının veteranı


Tarix: 17-10-2023, 15:52 Oxunub: 447


Bölməyə aid digər xəbərlər