Şair, publisist və jurnalist dostumuz Şöhrət Cəlaloğlununun xatirəsinə...
2014-cü ilin bu günü tanınmış şair, publisist və jurnalist dostumuz Şöhrət Cəlal oğlu Qəhrəmanlı dünyasını dəyişib. Şöhrət Cəlal oğlu Qəhrəmanlı 1954-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. O, ədəbiyyata 70-ci illərin sonunda gəlib. İlk yaradıcılığına şeirlə başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. O, ardıcıl olaraq orijinaldan hekayələr, elmi-publisistik məqalələrlə yanaşı, müasir ingilis və Amerika poeziyası nümunələrindən tərcümə edib, bu günkü zamanda ədəbiyyatımızda bədii tərcümənin inkişafının daha vacib olduğunu vurğulayıb. Maraqlıdır ki, o, ingilis dilində də şeir və hekayələr yazıb. Ölümündən az əvvəl “Bir ömür yaşadım” adlı yeni, növbəti şeir kitabı işıq üzü görüb. Atası ustad aşıq Cəlal Qəhrəmanovun sənətindən bəhrələnən şair şifahi xalq ədəbiyyatının, saz sənətinin və aşıq yaradıcılığının mahir bilicisi olub. O, ,,Sədəfli saz, məni dindir’’(1992), ,,Mən aşıq İncədənəm’’(1998) folklor nümunələrini toplayıb çap etdirib. El şairləri və tanınmış aşıqlarımızın həyat və yaradıcılığı haqqında maraqlı yazılarla müxtəlif mətbuat orqanlarında daimi çıxış edib.
Şöhrət Cəlal Qəhrəmanlı ,,Bizim ellər yerindədi’’, ,,Yurd yerində axtar məni’’ şeir kitablarının müəllifi olub. Vətən, el-oba, təbiətin füsunkar gözəllikləri, mənəviyyat və sair mövzularda yazılmış şeirlər Şöhrət Cəlal yaradıcılığının əsas qayəsini təşkil edib.
Şeirlərindən məlum olur ki, Şöhrət müəllim elini-obasını sevən, onu qorumağı özünə ən müqəddəs borc bilən vətənpərvər bir şairdir, onun fikrincə insan halal, aqil, alim, ər oğlu ər olmalıdır, ən başlıcası isə:
Dar ayaqda dayaq ola obasına təmkini,
Mərmi kimi od yağdıra düşmənə qarşı kini,
Cəlaloğlu, kim çəkməsə millət, Vətən qəhrini,
Yer üzündə pis nə varsa başına töhmət gərək!
Şöhrət Cəlaloğlu Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü olub və AMİ-nin Qazax filialında ingilis dili müəllimi işləyib.
ALLAH RƏHMƏT ELƏSİN! QƏBRİ NURLA DOLSUN!!!
Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər