Bu gün oxucularımıza əvvəlki paylaşımlarımızdan tanış olan şairimiz Cavadov Habil Əsgər oğlunun sənət bağçasından bir neçə yarpaq təqdim edirik:
Bilirəm dərd üçün doğulmuşam mən
Əzəl gündən dərd olubdur ortağım,
Bu həyatda heç olmadı xoş çağım,
Sinəm üstə çəkilib çarpaz dağım,
Vaxtsız saçıma qar yağdı, oldu dən,
Bilirəm,dərd üçün doğulmuşam mən.
Gün üzü görmədi, gecəli ömrüm,
Qismətdən pay oldu kədər, qəm, zülüm,
Açmadan tez soldu, qönçəykən gülüm,
Heç zaman qəm məndən keçmədi gendən,
Bilirəm, dərd üçün doğulmuşam mən.
Min acı rüzigar, əsdi başımda,
Hər an kötülüklər durdu qarşımda,
Zəhər qarışığı gördüm aşımda,
Ümid dağlarında gördüm duman, çən,
Bilirəm, dərd üçün doğulmuşam mən.
Habiləm, dərd məni dizə gətirdi,
Haqsızı dərədən düzə gətirdi,
Məni leysan döyür, yadda çətirdi,
Hər kəsə söylədim, dərdimi hərdən,
Bilirəm, dərd üçün doğulmuşam mən,
Bilirəm, dərd üçün doğulmuşam mən.
Nə yaxşı sən çıxdın, qarşıma mənim
Sanki həyatıma gülü gətirdin,
Eşqin bağında tər çiçək bitirdin,
Sən ruhuma gözəl anlar yetirdin.
Sənsizlik ömrümə, kəsilər qənim,
Nə yaxşı sən çıxdın qarşıma mənim.
Sən sevgi dəryamda yaşılbaş sona,
Gəl qoyma diləyim, qəlbimdə dona,
Sənə eşqim bəlli, bütün cahana.
Həsrətdən çoxalır saçımda dənim,
Nə yaxşı sən çıxdın qarşıma mənim.
Könlüdən bağlanıb bu ürək sənə,
Qıyma arzularım qəfəsdə sönə,
Acılar, əzablar yaşatma mənə,
Sənsiz dənizlərdə üzməz yelkənim
Nə yaxşı sən çıxdın qarşıma mənim.
Sənsizlik Habilin başında kabus,
Üşüdər ruhunu donub olar buz,
Ürək sevir onu, qalammaz onsuz.
Çiçək açmaz sənsiz, inan çəmənim,
Nə yaxşı sən çıxdın qarşıma mənim,
Nə yaxşı sən çıxdın qarşıma mənim.
Gül ətrini çəmənlərdə aradım
Sən mənim sevdiyim əbədi dünya,
Sənə olan eşqim, inanki dərya,
Mən səni bənzətdim günəşə, aya.
Daraq olub tellərini daradım,
Gül ətrini çəmənlərdə aradım.
Səni görcək sevdim gözəl üzünü,
Sonradaki, baldan şirin şözünü,
Demişəm mən sənə, hər an düzünü.
Həsrətindən limon kimi saraldım,
Gül ətrini çəmənlərdə aradım.
Eşqin məni dəryalarda üzdürür,
Qartal kimi səmalarda süzdürür,
İntizarın hər gün məni öldürür.
Mən eşqinin atəşinə qalandım,
Gül ətrini çəmənlərdə aradım.
Sən Habilin qəlbində qurdun taxdı,
Eşqin məni hey yandıraraq,yaxdı,
Həsrət başımda,ildırımlar çaxdı.
Eşq yolunda bir müqəddəs qalaydım,
Gül ətrini çəmənlərdə aradım,
Gül ətrini çəmənlərdə aradım.
ı
Bölməyə aid digər xəbərlər
















