06.06.2024
Qusar rayonunun Yasab kəndində təbiətin elə gözəl çağıdır ki, quşların cəh-cəhi, ağacların yaşıl dona bürünən nazlı duruşu, çiçəklərin üstündə topa-topa şirə çəkən arılar, dağlardan üzüaşağı yuvarlanan buludların ildırımlı yağışı adamı valeh edir, uşaqlıq çağlarına qaytarır. Qoyunlu-quzulu dağlar adamı xəyallara qərq edir. Uşaq olmaq istəyirsən, xəyalən ananın tumanından tuta-tuta dağ yamacları ilə qorxmadan addımlayırsan.
Bu anda sənə öz keşməkeşləri ilə barışmayan, həyatın bütün ağrı-acısını çiyinlərində gəzdirən, dözümlü, sinəsi sazlı-sözlü bir ana yaxınlaşır:
"Oğlum, bu ildırım ötüb keçəndi. Yağış da çox çəkən deyil. Biz vaxtilə daşqınlı çaylar, ildırımlı axşamlar görmüşük. Yer-göy sanki bir-birinə qarışırdı, indi isə o yağışlar yoxdur."
Bəli, Gülüm nənə elə danışırdı ki, onun danışığı, yaddaşı, nitq qabiliyyəti adamı heyran edirdi:
"1988-ci ildə mənfur erməni təcavüzünə davam gətirə bilməyən Qafan elləri də öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldı. Biz də çox çətin və amansız əzab əziyyətlə birtəhər Bakıya pənah gətirdik. Bütün var-dövlətimiz erməniyə qaldı. Şəhər mühitinə alışmaq çox çətin oldu. Yuxumda inəklərimizi, qoyunlarımızı, arılarımızı görürdüm.
Bir gün oğlum Veys dedi ki - "Ana, görürəm, çox darıxırsan, gəl dağa gedək". Bax, bu ev-eşiyi darıxmamaq üçün o mənə tikib. Ancaq nə faydası? Yenə Qafan üçün, kəndimiz Kirs üçün darıxıram."
Gülüm nənənin dolmuş gözlərinin kölgəsində pıçıltılı dodaqlarından süzülüb gələn vətən həsrətli söz boxçası yavaş-yavaş açıldıqca sanki baharda donu açılan şəlalə kimi sükutu pozdu:
Yaddan çıxmır o uşaqlıq çağları,
O bənzərsiz güllü, göy yaylaqları,
Cənnət olsa Quba-Qusar dağları,
Yenə gözüm Zəngəzurda qalıbdı.
Nənəmin, babamın yurdu, yuvası,
Atamın, anamın eli, obası,
Gecələr çayların şirin laylası,
Şirin sözüm Zəngəzurda qalıbdı.
Tez-tez taleyiyle küsüb-barışan,
Gah çiskinə, gah dumana qarışan,
Quruca cismimdi sizlə danışan,
Ruhən özüm Zəngəzurda qalıbdı.
Gülüm nənənin dilindən qoşma, bayatı düşmür. Ömrünün müdrik çağını yaşayan Gülüm nənə ömrünün 88-ci baharından yayına doğru addımlayır. Qafana qayıtmaq ümidi ilə yaşayır.
O, 10 uşaq anasıdır. 5 oğlan, 5 qız, 48 nəvə-nəticəsi var. Yaşına görə 100 cavana dəyər. Səhər tezdən durub inəkləri sağır, toyuq cücəni yemləyir, süfrə açıb evdəkiləri çay süfrəsinə dəvət edir. Özü hazırladığı balı, qaymağı, pendiri, sac çörəyini süfrəyə düzür. Gülüm nənəni belə görəndə adamın yaşamaq eşqi biraz da artır.
Günortalar əlinə qoruyucu əlcək geymədən arılarla məşğul olur. Sanki arılar onu tanıyır, ətrafında dövrə vurub mahnı oxuyurlar.
Günorta Gülüm nənənin dağ otlarından hazırladığı kətənin ətri süfrəyə yayılır.
Axşamtərəfi dağların üstündə yenə topa-topa qaşqabaqlı buludlar görünür. Sanki yağmağa hazırlıq görürlər. Gülüm nənə isə gülə-gülə çay süfrəsi hazırlayır. Biz də nənənin dağ çiçəklərindən hazırladığı çaydan içərək Qubanın Alpan kəndinə doğru getməyə hazırlaşırıq.
Gəzib dolan bu dağlarda,
Güllü-çiçəkli bağlarda,
Tanrı versin ömür sənə,
Salamat qal, Gülüm nənə.
Nəriman Ocaqlı
06.06.2024
Bölməyə aid digər xəbərlər