11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
BU GÜN BİR USTADIN QONAĞI OLDUM.... -Hacı Loğman Qorqud

16 MART 2021 –ci ildə Nəriman Həsənzadənin qonağı oldum.. 
  Əslində bir gün əvvəl görüşməli idik. Belində ağrı olduğu üçün həmin gün Xudata - el həkiminə getmişdi. Həmin gün danışdığımız vaxtdan bir saat əvvəl zəng vurdum ki, görüşü dəqiqləşdirək.
Telefonu götürən kimi səsimdən tanıdı:
      - Oğlum, Loğman, sən həqiqətən Allah adamısan, ay hacı, bax elə bu dəqiqə sürücüyə deyirdim ki, Loğmanla görüşməliyik, söz vermişəm, saat 4-ə Bakıya çatdır məni, elə sənin sözünü danışırdıq ki, zəng elədin, - dedi.
-    Nəriman müəllim, xahiş edirəm, qətiyyən tələsməyin, sabah görüşərik, rahat gəlin- dedim.
  -   Oldu, sənə qurban, ay hacı, sabah inaşallah.... 
  -  Nəriman müəllim, mən sizə qurban, elə deməyin...   
 
  Bəli , dostlar, Böyük Poeziyamızın böyük atası Nəriman müəllimlə görüşümüz  beləcə 16 mart - sonüncu çərşənbə günü baş tutdu.
      Sözsüz ki, hamı bilir  Nəriman müəllim nə qədər sadə, təvazökar insandir. Bax beləcə böyük sadəliklə məni qarşıladı, gözəl süfrə açdırdı, gözəl söhbətlər elədik.
Böyük ustadın görüşünə əli boş getmək də olmazdı, təzə “Novruzum Oğuzum” və məşhur “Aşıq Ələsgər” monoqrafiyasını da ustada hədiyyə aparmışdım.
Nəriman müəllim çox dərin mədəniyyətə və dərin elmə malik bir insandır.  Ədəbiyyatın bir çox sahələrini saf-çürük elədik, Nizamidən, Nəsimidən, Fizulidən söz düşdü.
-    Oğul, sənə bunu deyim ki, mən həmişə ədəbiyyat alimlərinə demişəm ki,  Miskin Abdalı, Xəstə Qasımı, Tufarqan Abbası, Aşıq Alını, Aşıq Ələsgəri  həmişə Yunis İmrə, Nizami, Nəsimi, Fizuli kimi klassik şairlərin cərgəsində yazın, bunlar bizə çox şey verib. Məxsusən də Miskin Abdal, Alı, Ələsgər bizə dil verib, axıcılıq verib, özümüz kimi yazmışıq, öz dilimizdə, öz düşüncəmizdə.. Onların şeirlərində biz özümüz oluruq, içimiz rahatlaşır, ruhumuz nəfəs alır... Miskin Abdal sazımızı saraylara daşıdı, dövlətçilik simvoluna şevirdi, onlar mədəniyyətimizin ən böyük sarsılmaz sütünlarıdır. Biz onları çox uca tutmalıyıq həmişə. “Aşıq Ələsgər” kitabın da mübarık oğlum, çox böyük iş görmüəsn çox böyük!!!
-   Bu kitab hazır elmi işdir, akademik səviyyəli bir nəşrdir. Gör burda kimlərin səmımi etirafları, fikirləri var. Azərbaycan dilinin,  ədəbiyyatının ən görkəmli alim və şairləri:  professor Buludxan Xəlilov, Xalq şairi Zəlimxan Yaqub kimi böyük insanlar bu kitab haqqında nə gözəl sözlər demişlər. Buludxan müəllim çox savadlı adamdır...      Mən həmişə öyrənməyi sevmişəm, söhbət edə-edə Nəriman müəllimin gözlərinin içinə baxırdım. Nələr yox idi o gözlərdə, 90 illik ömrün ləngəri, həvəsi, coşqusu, qayğısı, sarsıntısı, bu uzun  yolun yorğunluğu, şərəflə yaşanmış ömrün ucalığındakı üzağlığı, nikbinliyi, ən çoxu da sevinci.. O sevinc ki, müstəqil dövlətçiliymizin varlığına ünvanalanmışdı. 
       Nəriman müəllim Ulu Öndər Heydər Əliyev haqqında, onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin hər kəsin görə bilmədiyi məqamlarını vurğuladı. Dövlətimizi qorumağı tövsiyyə və ciddi tapşırıq kimi sərgilədi. 
Doğrusu 91 yaşında da özünü Xalqın, millətin əsgəri hesab edən Nəriman müəllimdən ayrılmaq olmurdu, amma yanında çox qalıb onu yora da bilməzdim. Onsuz da düz 5 saat görüşümüz davam eləmişdi. Vidalaşıb çıxanda aşağıdakı şeirin birinci bəndini elə mənzilin kandarında bədahətən Nəriman müəllimin özünə söylədim. Evə gələnə qədər artıq şeir yazılmışdı... 
    
Bu gün bir ustadın qonağı oldum,
Sanki, qarşıladı bir ata məni.
Öz atam gözümün önünə gəldi,
Çatdırdı ilahu murada məni.

Çərşənbə günüydü, ocaq başıydı,
Novruz bayramının xoş təlaşıydı,
Süfrəmizdə dolma, kabab, aşıydı,
Əcəb əzizlədi masada məni.

Söhbət Ələsgərdən, Alıdan düşdü,
Bilmədik vaxt necə gəldi, ötüşdü,
Bir də hiss etdim ki, axşam yetişdi,
Dinlədi səbrlə arada məni.

Əlincədən keçdik, Hələbə getdik,
Sanki, Nəsimini ziyarət etdik,
Oğuz ellərinə səyahət etdik,  
Apardı Təbrizə, Bağdada məni.

Hərdən aramızdan sükut lal axdı,
Hər sözündən dür töküldü, ləl axdı,
Əl çatmaz, ün yetməz bir ucalıxdı,
Gətirdi kamalı heyrətə məni.

Səksəni, doxsanı keçsə də yaşı,
Vüqarla, təmkinlə tərpəndi başı,
Gördüm xəzinədə, ağlı, yaddaşı,
Qərq etdi haqq verən barata məni.

“Aşıq Ələsgər”-ə bir əhsən,- dedi,
Böyük iş görmüsən oğul, sən,- dedi,
Mənim qardaşımsan, oğlumsan dedi,
Əsla bənzətmədi o yada məni.

Söhbətə Mübariz, Aydın da gəldi,
Telofon çalındı, könül dincəldi,
Söhbət incələndi, söz incələndi,
Baxmağa qoymurdu saata məni.

Azəri yurdumun azman şairi,
Hər şeyi rəngində yazan şairi,
Dərvişi, alimi, ozan şairi,
Xəlayım apardı elata məni.

Elə təmkinliydi, elə sadəydi,
Varlığı ətrafı nura bələdi,
Bu insan Nəriman Həsənzadəydi,
İlahi kaş belə yarada məni.

Şairə həqiqət hər şeydən öndü,
Əlimdəki qələm qılınca döndü,
Loğmanın ilhamı göylərdə dindi,,
Sanki mindirmişdi Qırata məni.

   Hacı Loğman Qorqud, 
   AYB-nin üzvü, 
   “Qızıl Qələm “ mükafatı laueratı,
   şair-filosof


Nəriman Həsənzadəyə həsr olunmuş şeir Ağalar Bayramovun səsləndirməsində:


Tarix: 19-03-2021, 00:53 Oxunub: 1 017


Bölməyə aid digər xəbərlər