11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Şahmat təhsil və təlim vasitəsi kimi - Yunis Xəlilov

Şahmat oyununun öyrətdikləri həyatın istənilən sahəsində, o cümlədən təhsil sahəsində hər kəs üçün çox faydalıdır. Təsadüfi deyil ki, müəlliflərdən Maykl Qelb yazırdı ki, “X əsr ərəb əsərləri şahmatı sadəcə mədh etməklə qalmır, eyni zamanda o dövrün yazıçıları məntiqli düşünməyin inkişafı üçün şahmatdan bir təhsil vasitəsi kimi faydalanmağı tövsiyə edirdilər...”. Bu deyilənlər doğrudan da böyük həqiqətlərdən bəhs edir.

Şahmat üzrə on üçüncü dünya çempionu olmuş Harri Kasparovun fikrincə, “bir illik şahmat tədrisi bir tələbənin öyrənmə qabiliyyətini, konsantrasiyasını, tətbiq etmə bacarığını, məntiq duyğusunu, intizamlı olmasını, hörmət hissini, davranışını və öz hərəkətlərinin məsuliyyətini dərk etmə qabiliyyətini inkişaf etdirdiyini göstərir”. Şahmatın insanda məsuliyyət hissini formalaşdırmasına toxunan şahmatçı Orrin Hudson isə bu barədə demişdir: “Bu oyun ... sizə məsuliyyəti öyrədir. Əgər oyunda məğlub olsanız, özünüzü günahlandıra bilərsiniz. Həyatda da eynisi keçərlidir. Əgər qazanmaq istəyirsinizsə, məsuliyyət daşımağınız lazımdır”.

Məsuliyyəti öyrədən şahmat təbii olaraq obyektiv olmağı və tənqidi təfəkkürü formalaşdırmış olur. Bu isə istər şahmat, istərsə də həyatda böyük önəm daşıyır. Taylor Kinqston bildirirdi ki, “şahmat oyununda bariz inkişafa nail olmaq obyektiv baxış, özünü­tənqid, zəiflikləri tapma və onları yox etmə bacarığı tələb edir”.

Heç kəsə sirr deyil ki, məsuliyyət hissi, obyektivlik və tənqidi təfəkkür təhsil və təlim prosesində böyük əhəmiyyətə malikdir. Riyazi təfəkkür tərzini, həndəsi düşünmə bacarığını, fotoqrafik yaddaşı və analitik təhlil qabiliyyətini mükəmməl bir şəkildə inkişaf etdirdiyini nəzərə alsaq, deyə bilərik ki, şahmat hər kəs tərəfindən, xüsusilə də ən erkən yaşlardan mütləq öyrənilməlidir. Bu baxımdan uşaqlara şahmat oynamağı öyrətməyin zəruri olduğunu vurğulayan yunanlı qadın şahmat ustası Maria Kouvatsou söyləyirdi ki, “öz təcrübələrimdən şahmatın mənə necə böyük analitik təhlil və tarazlaşdırılmış qərar vermə qabiliyyəti qazandırdığını görə bilirəm. Şahmata idman, oyun və ya sənət deyə bilərsiniz, mən şahmatın insanların qabiliyyətlərini ortaya çıxarmağa kömək etdiyini düşünürəm”. Uşaqların şahmatdan çox şeylər öyrəndiyini qeyd edən amerikan şahmat ustası Moris Aşleyin fikrincə isə “problem həll etmək, məqsəd qoymaq, konsantrasiya, diqqəti cəmləşdirmək, səbr etmək, bütün bunlar uşaqların öyrənməsini istədiyimiz gözəl şeylərdir. Ağlınızı istifadə etməsəniz, inkişaf edə bilməzsiniz – şahmat uşaqlara məhz bunu öyrədir. Onlara zehni qabiliyyətlərinə inana bilmələri üçün psixi həssaslıq qazandırır”.

İzah etməyə ehtiyac yoxdur ki, şahmatı erkən yaşlarda öyrənmək uşaqlarda yaddaşı gücləndirir, eləcə də yaradıcı xəyal gücünü inkişaf etdirir.

Məlum olduğu kimi təlimin əsas məqsədlərindən biri şagirdlərin etdikləri xətalardan nəticə çıxarmalarına nail olmaqdır. Yol verilən səhvlərdən ibrət dərsi almaq üçün isə şahmat oyunu şagirdlərə böyük vərdişlər aşılamaq iqtidarındadır. Şahmat üzrə ikinci dünya çempionu olmuş Emmanuel Lasker bu oyununun timsalında demişdir: “İnsan xəta edə bilər, lakin insan özü-özünü aldatmamalıdır. Görüşlərini cəsarətlə tətbiq edən biri əlbəttə ki, məğlub da ola bilər. Lakin itirdiklərinin səbəbini anlamağa çalışarsa, bu, onun yararına olar. Digər tərəfdən görüşlərini tətbiq etməyə cəsarəti olmayan biri savaşçı olmaq qabiliyyətindən məhrumdur”. Laskerin bu fikirlərini həyata münasibətdə qiymətləndirsək görərik ki, həyatda da xəta edən biri bunu qəbul etməli və xətasının nəyə görə baş verməsini araşdırmalı, bir daha buna yol verməməlidir, nəinki xətasını görə-görə bunu etiraf etməyə. Belə olan halda insan yalnız özünü aldadacaqdır. Eyni ilə həyat mübarizəsi məkanında fikirlərini hər zaman cəsarətlə tətbiq edən biri əsl savaşçıdır. Buna görə də həyatda qorxaqlara və zəiflərə yer yoxdur. Xətadan nəticə çıxarmağın isə uşaq vaxtlarından aşılanması böyük önəm daşıyır.

Qeyd edək ki, təhsil və tədrisin əsas hədəflərdən biri uşaqların xarakterinin və iradələrinin möhkəmləndirilməsi, onların dürüst insan kimi yetişdirilməsi və tərbiyəsi işinin düzgün təşkil edilməsidir. Təsadüfi deyil ki, şahmat sayəsində xarakterin inkişaf etdiyini etiraf edən şahmat üzrə dördüncü dünya çempionu olmuş Aleksandr Alyoxin deyirdi ki, “şahmat sizə hər şeydən əvvəl obyektiv olmağı öyrədir”. Həqiqətən də şahmatda mövcud vəziyyəti olduğu kimi qiymətləndirməzsək, sadəcə özümüzü aldatmaqdan başqa heç nə etmərik. Oyun zamanı yaranmış situasiyaya ən uyğun gedişlər sayəsində düzgün yolda ola bilirik. Eyni ilə həyatdakı kimi... Həyatda da yaranmış hər şəraitdə verəcəyimiz qərar obyektiv, yəni mövcud olan vəziyyətə görə olmalıdır. Nəyisə əldə etmək istəyiriksə və ya hansısa bir yanlışlığa yol vermişiksə, həmin situasiya üçün ən uyğun addımlar atmalıyıq ki, doğru istiqamətdə irəliləyə bilək. Əks təqdirdə, həqiqətə uyğun olmayan, yəni qeyri-obyektiv qiymətləndirmələr özümüzü aldatmaqla yanaşı, uğursuzluqlardan başqa heç bir nəticə verməyəcəkdir.

Şahmat oyununun həqiqətən də uşaqlarda özünütənqid ruhunun formalaşmasına böyük təsir göstərməsi danılmaz faktdır. Amerikan şahmat ustası Yasser Seiravan obyektivliyin və özünütənqidin şahmat oyunu müstəvisində roluna toxunaraq yazırdı: “Oyunçu öz oyununa qarşı tamamilə obyektiv olmalıdır. Açılışlarım necədir? Rəqibim məndən yaxşımı oynayır? Oyun sonum necədir? Oyununuza tənqidi yanaşmalısınız”. Eyni ilə həyatda da insan öz davranışına münasibətdə obyektiv olmalı, hərəkətlərinə hər zaman tənqidi yanaşmalı, “Bu hərəkətim necə qarşılanar?”, “Qarşımdakı məndən daha düzgün addımlarmı atır?”, “Bu işin axırı necə bitəcək?” suallarını özünə verməklə daima doğru seçimlər etməyə səy göstərməlidir. Göründüyü kimi sözügedən xüsusiyyəti özündə uşaqlıq vaxtından inkişaf etdirmək gələcəkdə insanın böyük nailiyyətlər qazanmasına gətirib çıxarar. 

Amerikan şahmat ustası Aleks Yermolinski şahmat oyununda özünütənqidin böyük əhəmiyyət daşıdığını bu sözlərlə dilə gətirmişdir: “Oyununuza tənqidi yanaşma tərzi şərtdir. Bəzi oyunçular məğlub olduqları oyunları analiz etmənin çətin olduğunu düşünür. Mənim üçün gözəl oyun kimi görünən bir oyunu oynamaq və sonra təhlil zamanı həmin oyunda xəta tapmaq daha pisdir”. Eyni ilə həyatda da insan məğlub olduğu və itirdiyi situasiyaları qiymətləndirməkdən qaçmamalı, əksinə həmin andakı davranışlarını daha diqqətli təhlil etməlidir ki, yol verdiyi xətaları anlasın və bir daha təkrarlamasın.

İnsanda tənqid ruhunu şahmat qədər formalaşdıran ikinci bir oyunun olmadığını amerikan beynəlxalq şahmat ustası Geremi Silmanın təbirincə ifadə etmək yerinə düşərdi: “Tənqidi qəbul edə bilmirsinizsə, başqa bir oyun oynayın.” Silman daha sonra deyirdi ki, “yaxşı bir şahmat oyunçusu olmaq üçün oyun oynamağa istəkli olmalı, məğlub olmağı həzm etməli və anla-yışınızdakı dəlikləri qapamaq üçün həddindən artıq çox çalışmalısınız”. Eyni ilə həyatdakı kimi. Həyatda da güclü olmaq üçün mübariz olmağa istəkli olmalı, itirməyi və uğursuzluqları qəbul etməli və strategiya və taktikalarınızdakı xətaları aradan qaldırmaq üçün daha çox səy göstərməlisiniz.


Şahmat qədər müşahidə qabiliyyətini inkişaf etdirən başqa oyun yoxdur. Oyun başlayandan sonadək hər şeyi incə detallarınadək müşahidə edirik şahmatda. Müəlliflərdən   Amber Stinbokun sözləri ilə desək “rəqibinizin necə qazandığını müşahidə edərək qazanın, itirin və öyrənin”.

Bütün bu deyilənləri nəzərə alaraq, biz, orta məktəblərdə şahmat dərslərinin keçirilməsinin son dərəcə zəruri olduğunu düşünürük. Düzdür, təhsil ekspertləri, habelə valideynlər arasında şahmatın ayrıca fənn kimi tədrisinə münasibət birmənalı deyil və bir qrup insan orta məktəblərdə  şahmatın əlavə fənn kimi tədrisini onsuz da ağır tədris proqramı ilə üzləşmiş şagirdlər üçün əlavə yük hesab edirlər. Lakin dünya təcrübəsinə nəzər salsaq, görərik ki, müasir dövrümüzdə bir çox dövlətlərin orta məktəblərində şahmatın tədrisi ön plana çəkilmişdir. Maraqlı bir təcrübəni bölüşək: Venesuelada 1983-cü ildə C.Ferguson Robert aparılan araşdırmadan sonra belə nəticəyə gəlmişdir ki, 32 həftə ərzində sistematik şəkildə şahmat oynayandan sonra şagirdlərdə tənqidi düşünmə qabiliyyəti əhəmiyyətli dərəcədə inkişaf edir və onların malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi xeyli artır. Bu araşdırmaları rəhbər tutan Venesuela hökuməti 1988-1989-cu illərdən başlayaraq məktəblərdə şahmat dərsləri keçirilməsini təşkil etmişdir.

Qeyd edək ki, ölkəmizdə də şahmatın tədrisi hər zaman ön plana çəkilmişdir. Hətta 2012-ci ildən başlayaraq ölkəmizdə pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin ikinci siniflərində “Şahmat” fənninin tədrisinə başlanılmış, bir qədər sonra isə həmin layihənin əhatə dairəsi daha da genişləndirilmişdir. Lakin təəssüf ki, 2017-ci ildə bu dərslərin tədrisi dayandırılmışdır. Nəzər salsaq, görərik ki, şahmat hazırda bəzi məktəblərdə dərsdənkənar əlavə məşğələ kimi keçirilir və bu, könüllü xarakter daşıyır. Biz, şahmatın orta məktəblərdə məcburi dərs kimi keçirilməsinin tərəfdarıyıq. Çünki gələcəyin məntiq və təfəkkür sahibi olan şəxsiyyətinə istiqamətlənmiş sistemli təhsil vermək qarşıya məqsəd qoyulursa, o zaman orta məktəblərdə şahmat dərslərinin tədris edilməsinin artıq zərurətdən qaynaqlandığını aydın görmək olar. Biz müəlliflərdən Gerard Daleanın o fikri ilə razıyıq ki, həqiqətən də “şahmat uşaqları daha ağıllı edir”. Müqayisə üçün qeyd edək ki, Cənubi Koreya, Finlandiya, Sinqapur və digər bir sıra   ölkələrdə orta məktəblərdə şahmat dərsləri xüsusi olaraq tədris olunur. Sadaladığımız ölkələrdə şahmatın orta məktəblərdə dərs kimi keçirilməsi təcrübəsi tədrisin yüklənməsinə gətirib çıxarmadığının ən bariz nümunələridir.

Bundan başqa, hazırda dünya təcrübəsində şahmatla riyaziyyatın birgə sintez edilmiş təlim proqramları tətbiq olunmaqdadır. Bunlar içərisində ən məşhuru 1995-ci ildə Kanadada Mr. Frank Ho tərəfindən şahmat oyununun bazası əsasında problem həll etməni ehtiva edən rəsmiləşdirilmiş “Ho Math And Chess” adlı təlim proqramıdır. Hazırda bu proqram Amerika, Braziliya, Kanada, Çin və bir sıra digər dünya dövlətlərində uğurla tətbiq olunmaqdadır.

Sözügedən proqramın əsas məqsədi interaktiv öyrənmə modeli çərçivəsində uşaqlara həyatı əks etdirən şahmatın təməl qaydaları ilə riyaziyyat və həndəsə kimi çox çətin olan iki dərsi daha aydın və əyləncəli bir şəkildə öyrətməkdir. Bu proqram sayəsində uşaqlar məntiq, qərar vermə, qavrama və vizual görüntü kimi bir sıra sahədə özlərini inkişaf etdirir, onların beyinlərinin sağ və sol yarım kürələrinin aktivliyi daha da sürətlənir. Zehni inkişafa olan faydaları elmi baxımdan sübut olunmuş şahmatın riyaziyyata inteqrasiya edilməklə tətbiq olunduğu bu proqram diqqət dağınıqlığı olan uşaqlarda daha uğurulu nəticələr verməkdədir.

Deyilənlərdən o nəticəyə gəlmək olar ki, şahmat insanın bir sıra qabiliyyətlərinin inkişafına səbəb olur. Bu baxımdan Robert Ferguson deyirdi ki, “şahmat qabiliyyəti fərdin bir və ya iki qabiliyyətinin bir araya gəlməsi üzündən deyil, bir çox təbii bacarığının birlikdə istifadəsindən meydana çıxır. Şahmat insanın bütün qabiliyyətlərini inkişaf etdirir”.

Beləliklə, deyə bilərik ki, şahmatın təhsil və təlim vasitəsi kimi rolu əvəzsizdir və o, orta məktəblərdə məcburi şəkildə tədris olunmalıdır.

Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin 
Hüquq fənləri kafedrasının baş müəllimi


Tarix: 31-05-2024, 22:25 Oxunub: 974


Bölməyə aid digər xəbərlər