11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Çəmənzəminlinin "Gələcək şəhər"i: təxəyyüllə gerçəklik arasında - Yunis Xəlilov

Görkəmli ədibimiz Yusif Vəzir Çəmənzəminlinin 1933-cü ildə yazdığı "Gələcək şəhər" hekayəsi, bir sıra mənbələrə əsasən, Azərbaycan ədəbiyyatında elmi fantastika janrının ilk nümunəsi kimi götürülür. Hətta bəzi araşdırıcılar bu əsəri Y.Ç.Çəmənzəminlinin qeyri-adi yazıçı öncəgörənliyinin məhsulu adlandırırlar.

Bəs görəsən, həmin hekayəni tam mənada fantastika janrında yazılmış və ya fitri yazıçı öncəgörənliyi ilə qələmə alınmış əsər hesab etmək olarmı? Zənnimizcə, bu hekayə sırf fantastika və yazıçı öncəgörənliyi ilə izah edilməməlidir. Əslində, "Gələcək şəhər" hekayəsində təsvir olunan müasir yeniliklər və bəzi texnoloji avadanlıqlardan görkəmli yazıçının xəbərdar olmasını onun həyatının müəyyən dövrünün xarici ölkələrdə, xüsusilə də Fransanın paytaxtı Paris şəhərində yaşaması ilə də əlaqələndirmək lazımdır. Məlum olduğu kimi, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Y.V.Çəmənzəminli tutduğu vəzifəsinin artıq bitmiş olduğunu bəyan edərək Parisdə siyasi elmlər institutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirinin (Mirabdulla) yanına köçmüşdü. Fransada hər hansı bir xarici vətəndaşın hüquq sahəsi üzrə işləməsi çox çətin olduğundan o, maddi vəziyyətinin ağır olması səbəbinə görə məcbur qalaraq Paris yaxınlığındakı Klişi adlı şəhərə köçüb əvvəlcə lokomotiv, sonralar isə avtomobil zavodlarında fəhləlik etmişdi. Həmçinin, o, "Paris xəbərləri" qəzetində də əməkdaşlıq edib "Şərq məktubları" başlığı altında müxtəlif yazılar dərc etdirib. Görkəmli yazıçı qardaşının on üç ay davam edən xəstəlik nəticəsində vəfat etməsindən sonra sarsılmış, nəhayət, 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə qayıtmışdı.

Odur ki, yazıçının haqqında söhbət açdığımız hekayəsində modern dizayna malik binaların və müasir şəhər proyektlərinin, restoranlarda menyu və qarsonların xüsusi düymələr vasitəsilə çağırış formasının, metro və eskalatorların, rentgen və daxili orqanları müayinə edən tibbi avadanlıqların, müasir avtomobil zavodlarının, görüntülü danışıqlar aparmanın, qısaldılmış iş saatı, təqaüd yaşı və sosial təminatların təsviri və o dövrün Azərbaycan həyatı üçün digər bəzi yeniliklər sayıla bilən məsələlərdən bəhs etməsi heç də təkcə öncəgörənliklə əlaqələndirilməməlidir. Bunlar sadəcə onun Fransada və ya digər ölkələrdə şahidi olduqlarının və ya haradansa ona məlum ola bilən yeniliklərin əsərdə bədii dillə ifadəsi də hesab edilə bilər.

Qeyd edək ki, hekayənin qəhrəmanları Sandro və Həsəndir. Onlar Tiflisdən Kürdəmirə kimi təyyarə ilə rahat gəlirlər, lakin Kürdəmirdə hava dəyişir və birdən-birə təyyarə başqa bir dünyaya düşür.

Yazıçı personajların gözü ilə təsvir etdiyi əsəri təəssüf ki, tipik sovet arzusu ilə bitirmişdir. Bu isə dövrün siyasi tələblərini göz önünə gətirdikdə, təbii hal hesab edilə bilər.

Gəlin 1933-cü ildə qələmə alınmış əsərdəki bəzi nüanslara nəzər salaq:
Modern dizayna malik binaların və müasir şəhər proyektlərinin təsviri
"Sandro:
- ... Ağ evlər bağlar içində gizlənmiş... Bax, damlarda belə bağçalar salınmışdır.
- Gör küçələr nə gözəldir - avtomobil, avtobus, tramvaylar birbirinin arxasınca sel kimi axır... Yüzlərcə təyyarə on-on beş mərtəbəli evlərin damlarına qonub, uçmada idi; şəhər üzərində qurulmuş onlarca asma körpüdən dəmiryol qatarları keçirdi, kənardan axan bir çay gəmilər və motorlu qayıqlarla dolu idi..."

Restoranlarda menyu və qarsonların müasir çağırış forması
"Hər boşqabın yanında bir zəng düyməsi var idi.
Gənc masa üzərindəki kartı götürüb oxudu və:
- Kim nə istəyirsə, desin, - dedi...
Gənc kartı göstərərək dedi:
- Baxın, buradakı şeylərin yanında bəzi işarələr var. Məsələn, bir nöqtə, iki xətt qəhvə deməkdir; üç xətt, iki nöqtə şokolad; dörd xətt, beş nöqtə çaxıra işarədir...
İndi boşqablarınızın yanındakı düymələri bu işarələrə görə basın".

Mobil telefonlar və müəyyən proqramlar (“skype”, “zoom” və s.) vasitəsilə görüntülü danışıqlar aparmaq
"Yeməkdən sonra Sandro gəncə:
- Vətəndaş, - dedi, - başım ağrıyır, mədəm də bulanır. Yaxında bir həkim varmı?
- Həkim çoxdur. Həkimlər evinə telefon etməli.
Gənc sözlərini qurtarar-qurtarmaz masanın üstündəki telefonu əlinə götürdü. O saat telefonun aynasında bir şəkil göründü. Bu, bir çocuq idi:
- Kimi istəyirsiniz? - deyə soruşdu.
- Daxili xəstəlik mütəxəssisi lazımdır.
- Bir dəqiqə gözləyin, - deyə çocuq aynadan yox oldu. İki dəqiqə sonra aynada üzü qırxıq bir qoca göründü ..."

Pilotsuz avtomobillərin yaxın gələcəkdə istifadəsi ilə avtomobil qəzalarının 90 faiz azalacağı ehtimalı
"Gənc anlatdı:
- Avtomobillərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina qoyulmuş. Ön tərəfdə maneə görünən kimi motor öz-özünə dayanır. Bu maneəni icad edən mühəndisə şəhər bağlarının birində heykəl qoyulmuşdur, indi görəcəksiniz.
Həsən heyrətlə:
- Deməli, küçələrdə on minlərcə avtomobil işlədiyi halda heç bir bədbəxt hadisə əmələ gəlmir.
- Heç".
Küçələrdə quraşdırılan elektron lövhələr vasitəsilə reklamlar və anonslar vermək
"Onların gözləri birdən göyə sataşdı. Havada cürbəcür rənglərdə yazılar yazılırdı. Teleqraf xəbərləri, şəhər hadisələri, elanlar, siyasi, ictimai, tibbi mülahizələr qeyd olunurdu. İşıq vasitəsilə havada yazılan bu xəbərlər beş-on dədiqədən bir dəyişilirdi".

Süni yağışlar yağdırmaq
"Gənc:
- Burada buludları da göyə makina vasitəsilə gətirirlər, - dedi.
- Şəhəri təmizləmək üçün gündə iki dəfə yağış yağdırılır. Bir neçə dəqiqə müddətində göyü buludlar basdı, bərk yağış yağdı. Minlərcə altılülə fırçalı avtomobillər çıxaraq küçələri süpürməyə başladı. On dəqiqə sonra buludlar dağılıb, göy təmizləndi, günəş göründü".

Rentgen və daxili orqanları müayinə edən müasir tibbi avadanlıqlar
"Səyyahları soyundurdular. Həsəni bir makina qarşısına qoyduqda bədəninin şəkli qarşıdakı ekrana düşdü. Makina işlədikcə ekrandakı şəkil dəyişilirdi. Əvvəl dərinin altı, sonra əzələlər, damarlar, sümüklər, axırda daxili üzvlər, yəni ürək, ciyər, mədə, böyrəklər... incə nöqtələrə qədər göründü".

Lazerlə böyrək daşının əridilməsi:
"Sandronun böyrəyində kiçik bir daş var imiş, onu da işıq ilə əritdilər".

İnsan orqanı implantasiyaları
"- ... Sonra cərrahlıq o qədər irəliləmiş ki, insanın ürəyini, ciyərini belə çıxarıb, əvəzinə yapmasını qoyurlar. Hətta qayrılmış gözlər belə təbii vəzifələri ifa edir".

Uzunömürlülüklə bağlı elmi proqnoz və hüceyrə yenilənməsi
"- Əbədi həyat hələ kəşf olunmamışdır. Ancaq adamı uzun müddət yaşadırlar. Məsələn, bir qocanın hüceyrəsini dəyişməklə onu gəncləşdirirlər. İki yüz yaşlı adamlara hər addımda rast gələrsiniz. Bunlar dörd-beş dəfə gəncləşmişlər və hər dəfə onların yeni uşaqları da olmuşdur".

Metro və eskalator
"Gənc bunları yeraltı dəmir yolu ilə apardı. Şəhər kənarındakı stansiyalarından birində vaqondan çıxdılar. Platformanın bir tərəfi sağa doğru tərpənərək sürünür, o biri tərəfi də sola doğru. Səyyahlar ayaqlarını platformaya qoyarqoymaz özlərini fırlanan pilləkən qarşısında gördülər. Birinci pilləyə çıxdıqda pilləkən bunları yuxarı götürdü". 

Qısaldılmış iş saatı, təqaüd yaşı və sosial təminatlar
"- Yoldaş, - deyə Həsən soruşdu, - gündə neçə saat işləyirsiniz?
- Altı saat.
- Neçə il işləyəndən sonra işçilərə təqaüd verirlər?
- İyirmi beş ildən sonra.
- Sonra onları təmin edirlərmi?
- Təbii. Özü və ailəsi dövlət hesabına yaşayır".

Yeni elektrik əldə etmə qaynaqları
"Yolda gələrkən uzaqda görünən dağın başında gözləri bir sıra dəmir qüllələrə çarpdı. Qüllələrin başları buludlarda gizlənmişdi. Bunların nə olduğunu gəncdən soruşdular. Gənc dedi:
- Bu qüllələr havadakı elektriki toplamaq üçündür. İldırım bizə böyük xidmət göstərir. Şəhərimizin işığı və fabriklərimizin hərəkəti bu qüllələrə bağlıdır. Ölkəmizdə belə qüllələr çoxdur. Bu qüllələr gecəyə qələbə çalmışlar. Şəhərdə gecələr işıqlanmayan bir nöqtə belə yoxdur. Hər tərəfdə işıq parıldayır".

Günəş batareyaları
"Gənc:
- Yox, - dedi, - istini günəşin hərarətindən alırıq. Məmləkətin müəyyən nöqtələrində makinalar qoyulmuş. Bu makinalar yayın hərarətini toplayaraq sıyıq bir hala salır. Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamilə ödəyir".

Naqilsiz texnoloji avadanlıqlar
"- İşıq və hərarət nə vasitə ilə gedir? - deyə sordu. - Halbuki şəhərin heç bir yerində məftil yoxdur.
- Məftil bundan çox əvvəl götürülmuş. İndi məftilə ehtiyac yoxdur. Telefon, teleqraf, elektrik, hərarət - hamısı hava vasitəsi ilə gedir".

Elektron hökumət və videokonfrans vasitəsilə dindirmək
"Məhkəmələrimizə şahid dəvət olunmaz. Hər bir məhkəmədə bir ekran var. İstənilən zaman şahid rəsmi radio vasitəsi ilə ekrana gətirilir. Şəkil canlı adam kimi məhkəmənin bütün suallarına cavab verir.
- Şəkil danışırmı? - deyə Həsən heyrətlə soruşdu.
- Təbii, danışır. Şahid üç, ya beş günlük bir məsafədə olsa belə, yenə şəkli, səsi və ya da sözləri məhkəmə qarşısında nümayiş edir".

Robotlar və süni intellektin tətbiqi
"Səyyahlar yüzlərcə otaqları gəzib başa çıxa bilmirdilər. Bir çox otaqlarda adam yox idi. Bütün işləri makinalar görürdü. Bir makina yazır, o biri yazılan kağızları toplayır, üçüncü tikir, dördüncü cildləyir, beşinci qəfəslərə düzürdü"

Sonda onu qeyd edək ki, əsərdə sosializm cəmiyyətinə haqq qazandırılmağa çalışılsa da, sovet modelinin dünyada uğursuzluğa düçar olaraq ortadan qalxması və yuxarıda deyilən bütün bu yeniliklərin bir çoxunun o dövrdə, habelə yaşadığımız müasir dünyamızda, o cümlədən, ölkəmizdə reallığa çevrilməsi onu deməyə əsas verir ki, müasir tərəqqi yolunda irəliyə doğru addımlamaq yalnız elmin inkişafı ilə mümkün ola bilər.

Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas 


Tarix: 30-05-2024, 17:35 Oxunub: 664


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı