Müdrik, sülhsevər və qədirbilən Azərbaycan xalqı hər zaman qəhrəman,mübariz övladlarının şücaətini yüksək qiymətləndirir, müqəddəs şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Qeyd edək ki, mənfur Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Ötən əsrin sonlarından başlayaraq bütün dünyanın gözü qarşısında azğınlaşmış Ermənistan Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başladı. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşdü. Bu vəziyyət uzun müddət davam etdi. Azərbaycan dövlətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsı təklifləri nəticəsiz qaldı. 2019-cu ildən Ermənistanın rəhbərliyinin mütəmadi verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmağa xidmət edirdi.
Birinci Qarabağ müharibəsi nəticəsində torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün Ermənistan ilə müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli danışıqlar apardı. Beynəlxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. Lakin uzun illər ərzində aparılan sülh danışıqları nəticəsiz qalırdı.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Ordusu əks-hücum əməliyyatları zamanı yalnız hərbi təyinatlı hədəflərə atəş açmaqla müharibə qanunlarına və humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etdi. Ümumilikdə 44 gün davam edən Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi və tarixi Zəfərə imza atdı.
Anım Günündə xalqımız Vətən müharibəsində canından keçən qəhrəman Vətən övladlarının xatirəsini ən dərin ehtiramla anır. Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir. Bunun həm də böyük ictimai-siyasi və mənəvi əhəmiyyəti var. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan xalqının milli vətənpərvərlik hissi olduqca yüksəkdir və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə canlarını qurban vermiş müqəddəs şəhidlərimizin əziz xatirəsi daim uca tutulur və qəlbimizdə əbədi yaşayacaq.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər