“Qar yağsaydı, qartopu oynayardıq...”, “Bu il də qar görmədik...”, “Qar, daha yağmayacaq!...”
Neçə il idi ki, Bakıda, hər qış gələndə, soyuqlar düşəndə, bu söhbətlər gedirdi. Hər dəfə, müdrik camaatımız, tezliklə qarın yağacağı gözləntisinə qapılır, bu barədə dahiyanə proqnozlar verir, aktual diskussiyalar aparırdı. Yekə-yekə insanların içindəki qar xiffəti, az qala uşaqları keçmişdi...
Və hər dəfə də, qar yağmayanda, verilən proqnozlar yaddan çıxır, məyusluq çökür və kor-peşman hərə öz işinin dalıyca gedirdi... Sanki dünənə qədər, qar mövzusunu, ən qlobal, ən dramatik olaya çevirənlər, bunlar deyilmiş....
...Vəəə budur: nəhayət, Tanrı, qövmümüzün dualarını qəbul etdi! Yaradan gördü ki, əhli-Azərbaycan, qardan çox danışır, bu mövzu, onu çox narahat edir və belə getsə, camaat, fikir çəkməkdən birtəhər olacaq. Ona görə də dedi: “Alın sizə, o çox gözlədiyiniz, illərlə həsrətini çəkdiyiniz, yağmayanda depressiyaya düşdüyünüz qar! Nə qədər istəyirsiz götürüb istifadə edin; görüm, hələ o qarı neyləyəcəksiz?”...”
Bəli, qar yağdı; camaat, duasının qəbul olduğunu görüb, sevinc anlarına qərq oldu, pəncərədən o sehrli mənzərəni seyr edib, bihuş oldu, küçəyə tullanıb, sosial üçün şəkillər çəkdi, ekskluziv paylaşımlar etdi, layklar topladı...
Şən camaatımız, qohum-tanışdan utanmasaydı, hələ şaxta baba da düzəldəcəkdi... Hətta, bəlkə “Yeni il təzədən keçirilsin!” deyə mitinq də edəcəkdi!...
Amma ki... Bu sevinc, bu həyəcan, çox çəkmədi... Necə deyərlər; əvvəli hırıldamalı, axırı isə ağlamalı... “Qızıl balığın nağılı”nda olduğu kimi...
Bəli, cəmi bir neçə saat sonra, şikayətlər eşidilməyə başlandı: “Çox soyuqdur”, “Ayaqlarım islandı”, “Sürüşüb yıxıldım”, “Maşınım az qala qəza edəcəkdi”, “Qar, bizim haramıza yaraşır”, “Tez ərisəydi...”
Elə bil dünənə qədər, qarı həsrətlə gözləyən, yağması üçün az qala nəzir paylayan, qurban deyən, bunlar deyilmiş!
Qar istəmirdiz? Alın sizə qar da!...
Bəs, qar necə olur? Yoxsa qarın da növləri olur? Sürüşkən qar, sürüşkən olmayan qar? Təhlükəli qar, təhlükəsiz qar?
Siz necə bir qar təsəvvür edirdiz ki?... Bəlkə, yeni il proqramlarındakı, aparatdan fısqırdılan sintetik qar axtarırdız?... Ya da bəlkə effekt proqramı ilə qoyulan, “montaj qar” axtarırdız?...
Qar yağsın, amma şaxta olmasın!... Qarda gəzək, amma sürüşüb yıxılmayaq!... Qar olsun, amma əriməsin, birbaşa buxarlansın!...
Başqa bir istəyiniz?... “Qızıl balığ”a deyək, gətirsin!
P.S. Hər şeyin ən rahatını gözləyən, həyatın yalnız xoşluqlarını qəbul edən, “suya girim, amma islanmayım” deyən cəmiyyət, eynilə qar mövzusunda olduğu kimi, digər məsələlərdə də, naxoşluqları təbii ki, qəbullanmayacaq; gözləntisi, ancaq rahatlıq, kef, əyləncə olacaq...
Elə ailə məsələsində, bu qədər boşanmaların olmasının əsas səbəbi də, xəyalpərəstlikdir. Evlənəndə, hər iki tərəf istəyir ki, ona qulluq etsinlər; qarşısındakı, onun nökəri olsun. Halbuki, müdrik bir məsələmizdə deyilir: “Sən ağa, mən ağa; bəs, inəkləri kim sağa?...”
Bölməyə aid digər xəbərlər