Bu gün oxucularımıza təqdim edəcəyimiz şair Cavadov Habil Əsgər oğlu 1974-cü ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1991 ci ilin dekabır ayında məlum Qarabağ hadisələri ilə əlaqədar doğma kəndlərindən çıxıb məcburi şəkildə köçkünə çevrilən Cavadov Habil hazırda Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində məskunlaşıb.
Ailəlidir, iki övladı var.
Yeniyetmə yaşlarından şeir yazmağa başlayan Cavadov Habilin bir neçə şeirini sizə təqdim edirik:
Bir zaman mənim də atam var idi
Adı xəyalımda gəzir, dolaşır,
Bir zaman mənim də atam var idi.
Düşüncək atamı hey ağlım çaşır,
Bir zaman mənim də atam var idi.
Hər zaman axtarıb, arardı məni,
Deyərdi qarışıq görmüşəm səni,
Yanlışım olanda danlardı məni,
Bir zaman mənim də atam var idi.
Hər an o nəzarət edərdi bizə,
Məsləhət verincə, başlardı sözə,
Hər sözü dəyərdi əlliyə, yüzə,
Bir zaman mənim də atam var idi.
Artıq böyüsəm də ata umuram,
Atamı düşünüb, gözü yumuram,
Atalı kəsləri şanslı sanıram,
Bir zaman mənim də atam var idi.
Habil, atasızlıq üzəndə səni,
Anlarsan sən onda, ata edəni,
Mən də edirəm ki, atam edəni,
Bir zaman mənim də atam var idi.
Dilimin əzbəri olubdur adın
Mən səni tanıyıb biləndən bəri,
Sən oldun eşqimin barı, bəhəri
Yatmayıb gecəni açdım səhəri,
Oldun sən gözümdə ən gözəl qadın,
Dilimin əzbəri olubdur adın.
Sanki gözlərin bir ulduz giləsi,
Adınla bu könlüm deyib, güləsi,
Həsrətin qəlbimin dəyən gülləsi,
İstəməm heç zaman olaydım yadın,
Dilimin əzbəri olubdur adın.
Eşqin əzəməti dünyaya bəlli,
Olmasın dağları dumanlı, çənli,
İntizarın məni, bil edər qəmli,
Mənə çox əzizdir adına andın,
Dilimin əzbəri olubdur adın.
Habil, həsrətinə dözəmməyir dağ,
Yarın həsrətindən xəzan oldu bağ,
Sənsiz mənim cismim inan deyil sağ
Tər çiçək ətrini mən səndən aldım,
Dilimin əzbəri olubdur adın.
Zəlimxan Yaqubun ''Səni sevmək üçün gəldim dünyaya'' adlı şerinə
Habil Cavadovun yazdığı nəzirəni də sizə təqdim edirik:
Səmada günəşə tay tutdum səni,
İntizarlı ahım çox yordu məni,
Gül olub bəzədin çölü, çəməni,
Sən döndün qəlbimdə ulduza, aya,
Səni sevmək üçün gəldim dünyaya.
Uğrunda inləyən kaman, ney oldum,
Sanki bir qədəhə boşalıb, doldum,
Həsrətdən bir gül tək,saraldım, soldum,
Uğraşdım daşqınlı sel olan çaya,
Səni sevmək üçün gəldim dünyaya.
İçimdə günəş tək doğdun üfüqdə,
Aradım mən səni çəməndə, güldə,
Bir şirin nəğməsən dodaqda, dildə,
Döndün bağçalarda al gül lalaya,
Səni sevmək üçün gəldim dünyaya.
Atsan da Habilin köksünə oxu,
Bunu heç bilməyir, inan ki, çoxu,
Adını qəlbimə yazdım, bax, oxu,
Yolumu kəsəmməz nə dağ, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Bölməyə aid digər xəbərlər
















