MƏN YAŞCA ATAMDAN BÖYÜYƏM
Kimsə deyirsə ki, yadda qalmaq, unudulmamaq çox asan şeydi. O, yanılır. Yadda qalmaq, unudulmamaq üçün nə bir gün, nə bir ay, nə də bir il kifayət deyil. Bunun üçün azından bir ömür lazımdı. Bir ömür doğlamalrının,yaxınlarının, qonum- qonşunun, kəndinin insanlarının qəlbində işıq kimi yanmalısan, dilin bal kimi şirin olmalıdı. Ürəyini də böyük eləməlisən, orda sevgiyə, xoş ünsiyyətə,qılığa, məhrəmliyə yer verməlisən. Kin,nifrət,paxıllıq,iti nəfs orda olmamalıdır. Belə adamlar bu halda heç zaman unudulmur,yaddan çıxarılmır. Nəsillər dəyişsə belə. Adamda var ki, uzun illər bir yerdə işlədiyi, qonum- qonşu olduğu, saysız insanlarla oturub- durduğu adamların yadında ölümündən qırxına kimi, bəzən də ondan da tez yaddan çıxır, heç olmayıbmış kimi unudulur. Ən böyük dərd odur ki, yaşaya-yaşaya səni, yox kimi, ölmüş kimi bilələr. Onu da yaddan çıxarmaq lazım deyil ki, bəzən pis adamda unudulmur, yaddan çıxmır. Belə adamların istər yaşadığı coğrafi məkanda, Istərsə də işlədiyi idarədə elədiyi haqsızlıq, ədalətsizlik, mərdimazarlıq, məddahlıq, evyıxanlığı yadda qalır. Bu yaramazlıq təkcə fərdlərin yox, həm də elin, obanın yadından çıxmır. Adı çəkiləndə “Allah rəhmət eləsin”, yox “Allah lənət eləsin” deyirlər. Hətta qəbrinin yanından keçəndə qəbrinə tüpürənlər də olur. Doğrudur ölünün dalınca danışmaq günah olsa belə.
Çox vaxt çoxumuz “dünya bir pəncərədir, hər gələn baxar gedər”, deyirik. Çox adam da baxdığı pəncərədə iz qoymadan gedir. İz qoymaq da elə- belə iş deyil. Gərək ailə dünyamızın, kəndimizin, kəsəyimizin, elimizin, obamızın, dövlətimizin, millətimizin yolunda tər tökəsən. Yaşadığın torpağın qədrini biləsən, onu bərəkətləndirəsən, alnının tərini ona qarışdırasan, dağını, daşını sevəsən, gülünü, çiçəyini qoxlayasan, adət- ənənələrini qoruyasan, böyüyün, kiçiyin yerini biləsən. Belə adamların o pəncərədə izi qalır. Nəsillərin yaddaşından pozulmur,silinmir.
Böyük vəzifə sahibi olmaq olar, küllü miqdarda var- dövlət də toplaya bilərsən, amma bunlarla insanların yaddaşında qalmaq, ürəyində iz qoya bilmək mümkün deyil. Bunun üçün böyük insan, böyük ziyalı olmaq lazımdır. Həyatda böyük insan, böyük ziyalı olmaq üçün məqsəd və məramın olmalıdır. Və sən bu məqsəd və məram uğurunda hər əziyyətə sinə gərməlisən. Sinə gərmək üçün də insanda iradə, dözüm, fədakarlıq, mübarizlik və çalışqanlıq lazımdır.
Övladlar üçün ata dünyanın ən güclü və sevimli adamıdır. Onun əlinin sığalı hər bir övladın ucalığıdır. Ata nəsihəti, ata qayğısı ilə böyüyənlər cəmiyyətin yükünü çəkənlərdir. Onun ağırlığına,çətinliyinə baxmayaraq.
İnsan xisləti ilə nəyin yaxşı, nəyin pis olduğunu anlayır və qiymətini verir. Bir millət olaraq bizim ən uca mənəvi keyfiyyətlərimizdən biri böyüyümüzə və böyüklərə dəyər, qiymət verməyimiz və onları uca tutmağımızdır. Bu, keyfiyyətimiz çox həssas və olduqca diqqət tələb edən hissdir.
Heç kimə sirr deyil ki, insan yaşa dolduqca, ahıl yaşına çatdıqca daha kövrək, daha çox inciyib küsən olur, ikinci uşaqlığıyla yoldaşlıq edir, doğmalarından daha çox diqqət, qayğı umur. Doğmalarının, yaxınlarının qayğısına daha çox ehtiyacı olur. Bu gün mənim və mənim yaşda olanların hər birinə bu hava- su kimi lazımdır. Çünki biz ömür fəsilinin payız dövrünü yaşayırıq. Tanrıma şükür ki, mən bu qayğının və diqqətin əhatəsindəyəm.
Çox təəssüf ki, atam İsrafil Həsən oğlu Məmmədov mənim və məndən sonra gələn qardaş bacılarım qədər çox yaşamadı. Cəmi 59 yaşında həyatdan köçdü. Yükü ağır idi, çox ağır. Deyirəm bəlkə bu yükün- alıntəriylə,zəhmətlə,halalıqla yeddi övlad böyüdüb, onları oxudub, əllərini çörəyə çatdırıb, ailə sahibi eləməyin çətinliyi haqq dünyasına qovuşdurdu onu? Yox, yox. Atam zəif, gücsüz insan deyildi, gecəsini gündüzə qata- qata öz zəhmətiylə ailəsini dolandırırdı və bununla qürurlanırdı, fərəhlənirdi. Deyir kasıbın süfrəsi həmşə açıq olar. Bu, doğurdan da belədir. Gözümü açandan evimizi hər zaman qonaqlı- qaralı görmüşəm. Qonağın ruzusu elə onun özüylə birlikdə evimizə daxil olurdu. Tanıdığımız, tanımadığımız bir kimsə evimizdən çay içmədən, çörək yemədən yola salınmazdı. Ən azından qabağına yağ- bal qoyulardı. Çünki 20- yə yaxın arı ailəmiz vardı. Dar ayaqda ümid, güvənc yerimiz o arı ailəsiydi. Atam boş vaxtlarını (onun heç boş vaxtını görmədim) arılara baxmağa sərf edirdi. Arıçılığa aid xeyli kitabları vardı. Qəzet, jurnal səhifələrində arıçılığa aid oxuduğu materialları kəsib səliqəylə saxlayardı. Sonralar mən böyüdüm və atamı bu işdə əvəz elədim. Özü də layiqincə.
Evimizin qonağı olanda süfrəmizin başında hər zaman ağsaqqal kimi qonşuluğumuzda yaşayan atamın əmiləri Əhməd və Hümbət babalarım oturardı. Atam onları öz atası qədər uca tutardı. Atamın atasının nə özünü, nə də şəkilini görmüşdüm. Deyilənə görə həyatdan tez köçmüşdü. Ailənin böyük oğlu kimi bütün ağırlıq onun və nənəm Yaxşının üzərinə düşmüşdü. Böyük qardaşı İslam ikinci dünya müharibəsində həlak olmuşdu.
Ailə insan övladı ilə bərabər var olmuş çox qədim, heç vaxt köhnəlməyən bir birlikdir, ittifaqdır. Tarix boyunca ailə çətinliklərlə rastlaşmış, hətta dağılmaq təhlükəsi ilə üz- üzə qalmış, amma ailədə olan sağlam mühit onu dağılmağa qoymamış və o öz varlığını davam etdirmişdir.
Atam gənc yaşlarından atasını itirmiş, bütün əziyyətlərə dözüb, çətinliklərə sinə gərərək 4 bacısını və iki qardaşını (biri müharibəyə gedib qayıtmayıb) yükünü çəkmiş, anası ilə birlikdə onları böyüdüb ərsəyə çatdırmışdır. Sədaqət, vəfa, sevgi, şəfqət, mərhəmət, birlik, bərabərlik, zəhmətsevərlik kimi insani keyfiyyətlər min il bundan qabaq olduğu kimi ailənin bünövrəsində əsas amillərdəndir. Ailədə bunların biri olmadıqda o əlil olur.
Riyaziyyat müəllimi olan atam öz fədakarlığı, zəhmətkeşliyi, mübarizliyi, çalışqanlığı sayəsində bu ağır yükü sona kimi çəkməyi bacarmışdı. Nəqliyyatın, rahat yol- izin olmadığı vaxtlarda bir- birindən çox uzaq olan üç kənddə dərs demək hər adamın işi deyildi. Bu kəndlərə yayın istisində, qışın soyuğunda atla gedib- gəlmək möhkəm səbir, dözüm və iradə tələb edirdi. Qonşu Tatar və Zəyəm- Cırdaxan kəndlərində riyaziyyat, Badada (orda ermənilər yaşayırdı) Azərbaycan dili müəllimi işləmək çox çətin və üzücü, bezdirici idi. Bunun necə çətin olduğunu atam əlaqədar təşkilatlara çatdırır. Amma onun haqlı tələbini eşidən olmur. Və elə bu səbəbdən də atam çox sevdiyi peşəsindən- müəllimlikdən çıxır və Gəncədə mühasiblik kursunu bitirib ömrünün sonuna kimi kolxozda mühasib işləyir.
Atam riyaziyyat müəllimi olsa da, mütaliəni çox sevirdi. Hər zaman onu kitab, qəzet, jurnal oxuyan görürdüm. Respublikada nəşr olunan bütün qəzet və jurnallara abunə idi. Ən çox oxuduğu “Azərbaycan” jurnalı idi. Deyir uşaq gördüyünü götürər. Mən də mütaliə eləməyi atamdan öyrənmişəm. Bu gün də günümü mütaliəsiz keçirmirəm.
Bu günkü kimi yadımdadır, kənddə heç kimin evində radio, televizor olmayanda bizim evdə radio, televizor var idi. Kənddə ilk “Jiquli” maşınını da atam almışdı. Təbii ki, alıntəriylə qazandığı halal puluyla. Bir mövsümdə həyətimizdə 2 tona yaxın üzüm olardı, mer- meyvə oladı. Üzümü yığıb emal müəssəsinə verirdik. Şəkərliliyi yüksək olduğuna görə xeyli pul eləyirdi. Atam zamanla, vaxtla yaşamağı bacarırdı. Yaşının az olmağına baxmayaraq kənddə ən böyük nəslin- Şəmkirli nəslinin ağsaqqalı idi. Amma ağsaqqal deyildi. O, biz övladlarına böyük irs- insanlara sevgi, qohum- əqrabaya diqqət yetirməyi, alıntəriylə yaşamağı və bir də ədəb- ərkan qoyub getdi.
Olumdan və ölümdən ibarət olan dünyaya insan gələndə ailəyə gəlir və gedəndə də ailədən gedir. Haqq dünyasına gedənlərin bəziləri haqqında deyirlər: “Filankəs evdən yox, eldən getdi”. Atam da evdən yox, eldən getdi. Günü bu gün də onu görüb tanıyanlar da, görməyib onun haqqında deyilənləri eşidənlər də xoş sözlərlə yad edir, ona Allahdan rəhmət diləyirlər. Bu məni bir övlad kimi çox qürurlandırır.
Nə yaxşı sənin kimi atam olub ATA! Bu gün səndən yaşca çox böyüyəm. Amma üstümdə sənin böyüklüyünü necə də hiss etmək istəyirəm ATA! İstəyirəm əlin kürəyimdə olsun. Heyif bu mümkün deyil.
Allah sənə qəni- qəni rəhmət eləsin, qəbrin nurlu olsun, ATA! AMİN!
Məhərrəm Şəmkirli.
AYB-nin və ALB-nin üzvü.
Bölməyə aid digər xəbərlər