11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır" - Polad Ağakişiyev

       Cari ilin 9 dekabr tarixi Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibənin yayımlanması və müsahibə zamanı səsləndirdiyi fikirlərlə yaddaqalan oldu. Dövlətimizin Başçısı müsahibəsində bildirdi ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib.Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu   dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir.

Düşünülmüş sosial siyasətdən danışan ölkə rəhbəri bildirdi ki, son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.

Ölkə rəhbəri müsahibə zamanı iqtisadi artımı təmin edəcək sahələrə investisiyaların qoyuluşu barədə də danışdı. Qeyd etdi ki, 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir. Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır.

Önəmli əməkdaşlıq istiqamətindən danışan Dövlət Başçısı qeyd etdi ki, son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir.

Dövlət başçısı vurğuladı ki, sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik. Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı.

Ölkə başçısı bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur.

Azərbaycan  çoxmillətli,  çoxkonfessiyalı  bir  ölkədir.  Azərbaycanda  bir çox  etnik qruplar var.  Bu etnik  qrupların bəziləri, bir neçəsi,  onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən  qat-qat  çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar.

Qarabağ ermənilərinin hüquqları təmin olunacaqdır. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər.  Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir.


Polad Ağakişiyev

YAP Qazax rayon təşkilatının məsləhətçisi


Tarix: 19-12-2023, 17:21 Oxunub: 129


Bölməyə aid digər xəbərlər