11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Güclü Liderlik keyfiyyətlərinin məntiqi nəticəsi" - Hamlet İlyasov

     Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə güclü və qüdrətli Azərbaycan artıq gələcəyə doğru  inamla addımlayaraq xalqımızın,   Türkdilli dövlətlərin, o cümlədən dost ölkələrin  uzun illər gözlədiyi qələbələrə, uğurlara günbəgün nail olur. Ölkəmiz sentyabr ayında   separatizmlə bağlı çoxillik məsələyə son qoyaraq bütün Azərbaycan ərazisində üçrəngli Azərbaycan Bayrağını dalğalandırdı. Qazandığımız uğurlara  dostlarımız sevinir, düşmənlərimiz xar olur. Dövlətimizin bir -birinin ardınca qazandığı nailiyyətlərə ürəkdən sevinən, ədalətin zəfər çalacağına inanan ölkələrdən biri də dost və qardaş Özbəkistan Respublikası olmuşdur. Hazırda Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il Möhtərəm Prezident cənab İlham Əliyev Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişdir.  
     Cənab Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasının  nümayişidir. Qardaş dövlət ərazilərimizin bərpası prosesində hədiyyə olaraq Füzulidə Mirzə Uluqbəy adına məktəbi inşa etmişdir. Xalqımız qardaş özbək xalqının isti münasibətini, dəstəyini, həmrəyliyini çox yüksək qiymətləndirir.
Noyabr ayının 9-unda Prezidentimiz cənab  İlham Əliyev Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında  çıxışı zamanı önəmli iqtisadi əlaqələrdən söz açaraq   vurğuladı ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi      Azərbaycan  təşkilatın işində fəa l iştirak edir.  Azərbaycan ECO-nun  Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.
      Dövlət başçımız bildirdi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.Ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsinə gəlincə son  20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.
      Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji   10 qiqavata çatacaq.
Dövlət başçımız onu da diqqətə çatdırdı ki, azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
     Ölkə rəhbəri qeyd etdi ki, Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir.
    Ölkə rəhbərinin vurğuladığı kimi, Azərbaycan legitim özünümüdafiə hüququndan istifadə edib. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək    Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi.
    Erməni vandalizmindən danışan ölkə başçısı qeyd etdi ki, işğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur.
      Ölkə rəhbərinin vurğuladığı kimi, ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik. Cari ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbiri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Azərbaycanın ECO-nun fəaliyyətinə töhfələrini davam etdirdiyini  söyləyən Möhtərəm Prezidentimiz bildirdi ki, ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.
    Bəli, indi bütün dünya görür ki, hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarından güc alan Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində Azərbaycan  özünün   ən qüdrətli dövrünü yaşayır və günbəgün qarşıya qoyduğu məqsədlərinə nail olur. Müstəqil Azərbaycan dövlətinin   çoxsaylı tarixi nailiyyətlər əldə etməsi məhz  Prezidentimizn güclü liderlik keyfiyyətlərinin məntiqi  nəticəsidir.

Hamlet İlyasov
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 16-11-2023, 11:39 Oxunub: 162


Bölməyə aid digər xəbərlər