44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu ev sahibliyi etdiyi, yaxud qatıldığı tədbirlərin, o cümlədən qarşılıqlı səfərlərin say tərkibinin genişliyindən də aydın görünür. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir. Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlər daha yüksələn xətlə inkişaf edir.
Noyabrın 9-da Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında yüksək qonaqpərvərliyə görə qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il Özbəkistana bir dövlət və iki işgüzar səfər edib. Hər səfərində Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi olub. Bu mühüm məqam da diqqətə çatdırıldı ki, Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etdi. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.
Ümumilikdə bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən Azərbaycan ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına, möhkəmlənməsinə layiqli töhfələr verir. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirakı təqdir edilir. Belə ki, Zirvə toplantısındakı çıxışında Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq bildirdi ki, Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib. Özbəkistan Azərbaycan və Türkiyə ilə yükdaşımalarla bağlı məlumatları rəqəmsallaşdırıb və digər ölkələrlə də analoji layihələr həyata keçirilir.
Azərbaycan malik olduğu imkanlara, təcrübəyə söykənərək həm beynəlxalq təşkilatlarla, həm də üzv dövlətlərlə əlaqələrin inkişafına, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa töhfələrini verməyə çalışır. Dövlət başçısı İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısındakı çıxışında söylədiyi “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik” fikirləri də bunun təsdiqidir.
Bu statistik rəqəm Azərbaycanın bu gününə və gələcəyinə inamın göstəricisidir. Belə ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir.
Azərbaycan bu gün də investisiya cəlbediciliyini qoruyur. Ölkəmizin uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti əlaqələrin daha da möhkəmləndirilməsində öz sözünü deyir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər