Azərbaycanla çoxəsrlik qardaşlıq münasibətlərinə malik olan Mərkəzi Asiya Dövlətlərinin əməkdaşlıq əlaqələrinin dinamikası hazırda artan xətt üzrə inkişaf etməkdədir. Ölkələrimiz otuz ildən artıqdır ki, müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir - birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə Mərkəzi Asiya və Azərbaycan dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi - mədəni coğrafi regiondur.
Cari ilin 14 sentyabr tarixində Prezident İlham Əliyev Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışı zamanı bir çox mühüm və vacib məqamlara toxundu.
Əməkdaşlığın yeni formatı barədə ölkə rəhbəri bildirdi ki, regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaqdır.
Etibarlı münasibətlərin göstəricisi olan qarşılıqlı səfərlərdən söz açan ölkə başçısı son iki il ərzində Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etdiyini vurğuladı. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçılarının Azərbaycana səfərlər etdiklərini söylədi.
Dövlət başçısı vurğuladı ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.
Dövlət başçımız qeyd etdi ki, Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal işlər aparılır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.
Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq - Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.
Hər kəsə yaxşı məlumdur ki, artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Azərbaycanın tranzit ölkə statusu bütün dünyada bəllidir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.
Orta Dəhlizin artan əhəmiyyətinə gəlincə dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq - Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcəkdir.
Bu bir həqiqətdir ki, dünyanın bütün inkişaf etmiş dövlətləri ilə, həmçinin Mərkəzi Asiya Dövlətləri ilə ölkəmizin çoxəsrlik qardaşlıq münasibətləri və hərtərəfli əlaqələri daha da möhkəmlənir, inkişaf edir.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər