Prezident İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, çoxşaxəli və qətiyyətli olduğunu təsdiq edir. Eyni zamanda məhsuldar səfərlər Azərbaycanın dünya miqyasında xüsusi rolu və yeri olduğunu təsdiqləyir. Səfərlər və görüşlər göstərir ki, Dövlət başçımız qonşu dövlətlərlə daha sıx münasibətlərin qurulmasına xüsusi önəm vermişdir. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi vardır.
Qeyd edək ki,qazax xalqının Ümummilli Liderimizə böyük dəyər verməsi xalqımıza olan hörmətin, dostluğun,qardaşlığın əlamətidir. Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib və nümayiş etdirilib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərindən bəhs edilir. Ekran əsərində hər iki ölkənin siyasi, dövlət və ictimai xadimlərinin Ulu Öndərlə bağlı xatirələri öz əksini tapıb. İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri bu gündən Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyacaq.
Ölkələrimizin ortaq səyləri sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter almışdır. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşmışdır. Yarım ildən bir qədər çox əvvəl biz strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalanmışdır. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi də çox mühüm qərarlardandır. Bu gün imzalanmış bir sıra yeni sazişlər ölkələrimizin çoxşaxəli tərəfdaşlığına əlavə güc qatır. Dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanda mətbuata bəyanatla çıxışında cox vacib məqamlara toxunmuşdur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edən dövlət başcımız demişdir: ” Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir.
Qeyd edək ki,Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərmişdir. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökumət tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir.
Ölkələrimiz arasında bütün sahələrdə mövcud əməkdaşlıq onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Səbinə Xasayeva
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər