Odlar Yurdu Azərbaycan qədim sivilizasiyaya, zəngin mədəniyyətə və tarixə malik olan sülhsevər bir ölkədir. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Ölkəmizdə dini və ya milli zəmində heç zaman heç bir qarşıdurma olmayıb və indi də yoxdur. Təsadüfi deyil ki, bu gün də Azərbaycan tolerant bir ölkə, dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Ölkəmiz hər zaman beynəlxalq hüquq normalarına əməl etmiş, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmış, hec bir dövlətin daxili işlərinə müdaxilə etməmişdir. Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə də Türkdilli dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlığı daha da möhkəmləndirir, xarici siyasətini qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qurur.
2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün ərzində Möhtəşəm Zəfərlə başa çatan, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindən sonra ölkəmizin beynəlxalq və regional təşkilatlarda mövqeyi nəzərəçarpacaq dərəcədə möhkəmlənmiş, xarici ölkələrlə iqtisadi, elmi, mədəni və humanitar əlaqələri genişlənmişdir. Azərbaycan qalib ölkə kimi dünya dövlətləri arasında bu gün də özünün haqq sözünü deməkdədir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları qalib ölkənin qalib Lideri kimi xarici dövlətlərə səfərlər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir.
Bu ilin 11 noyabr tarixində Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı və çıxışı çox yaddaqalan oldu. Prezident cənab İlham Əliyevin buradakı çıxışında səslənən fikirlər Türkdilli dövlətlərin münasibətlərinin hansı müstəvidə olmasını bir daha nümayiş etdirdi. Səfər zamanı aparılan müzakirələr, keçirilən görüşlər onu göstərdi ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaqdır. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, türk dünyası böyük bir ailədir. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Ölkə başçısı çıxışında onu da vurğuladı ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Dövlət başçısı çıxışında gənc nəslin yaşadıqları digər ölkələrin məktəblərində öz ana dilində təhsil almaq imkanlarının olmamasından da söz açdı. Ölkə rəhbəri qeyd etdi ki, əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Ölkə başçısı Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini də vurğuladı. Bildirdi ki, biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq qalmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.
Dövlət başçısı çıxışı zamanı qeyd etdi ki, Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə yaşayır. İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu , bununla da Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Ölkə başçısı çıxışında otuzillik işğalın ağır fəsadlarının hələ də qaldığını qeyd edərək bildirdi ki, Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Dövlət başçısının çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq işlərinin aparıldığı da diqqətə çatdırılıb, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının artıq icrasına başlanıldığı xüsusilə vurğulanıb. Ölkə rəhbərinin çıxışında Azərbaycan - özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürü də əks olunub. Qeyd olunub ki, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır.
Təbii ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar yaradıb. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Əminik ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan növbəti hədəflərinə də çatacaq və Zəngəzur dəhlizinin açılması ilə bütün region ölkələrilə yanaşı Türkdilli dövlətlər də bundan yetərincə bəhrələnəcəkdir.
Səbinə Xasayeva
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər