Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının oktyabr ayının 24-də Gürcüstana sayca 10-cu səfəri bir sıra mühüm məqamlarla yaddaqalan oldu. İki dost və qardaş ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdən ibarət olmuşdur. İşgüzar görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyindəki aktual məsələlər müzakirə olunmuşdur.
Qeyd edək ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.
Zəngin tarixə, dərin köklərə malik olan Azərbaycan - Gürcüstan münasibətləri həmişə yüksək səviyyədə olub. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə bu münasibətlərin 30-ci ildönümü qeyd olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan - Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.
Qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələri inkişafına əhəmiyyətli təkan vermişdir. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, indiyədək 118-dən çox sənəd imzalanmışdır. Gürcüstanın Azərbaycanda səfirliyi 1995-ci ildə açılıb. 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində Baş Konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu açılıb.
Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci il iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən sənədin lehinə səs verib.
Gürcüstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. Gürcüstan Baş nazir İrakli Qaribaşvili 2021-ci il sentyabrın 29-da ölkəmizdə səfərdə olub. 2022-ci ildə də ölkələrimiz arasında intensiv yüksək səfərlər baş tutub.
Hazırda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası 2021-ci il sentyabrın 29-da təşkil edilib.
Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib.Eyni zamanda ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat - kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir.
Şübhəsiz ki, Azərbaycan Prezidentinin oktyabrın 24-də Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaqdır.Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edəcək, tarixi ənənələrə söykənən əməkdaşlıq, dərin ənənələr üzərində qurulan dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcəkdir.
Emil Qurbanov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər