13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"Türk dostluğunun növbəti təcəssümü" - Anar Nəbiyev

   Dil və din eyniliyi olan Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Azərbaycanlılar və  qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdir. Vaxtilə hər iki ölkə keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Sovetlər birliyi dağıldıqdan sonra, hər iki müstəqil respublikada qarşılıqlı münasibətlər daha da inkişaf etməyə başlamış və bu gün də davam edir. 
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində ölkə Prezidenti İlham Əliyevlə rəsmi görüşü, bir sıra sənədlərin imzalanması və mətbuata 20 aprel tarixli birgə bəyanatları olduqca əhəmiyyətli tarixi və siyası əlaqələrin nəticəsidir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkələrlə sülh şəraitində, bir-birinin maraqlarına hörmət və ehtiram mühitində qarşılıqlı faydalı əməkdaşlıq və dostluq münasibətlərinin tərəfdarıdır. Ölkəmizin xarici siyasət strategiyasının əsas mahiyyətini təşkil edən, qonşu və qeyri-qonşu dövlətlərlə sıx əməkdaşlıq, tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədə qurulub. Azərbaycan dövləti bütün dünya dövlətlərinin beynəlxalq hüququn tələbləri çərçivəsində dialoq yolu ilə ortaq fikrə gələ biləcəyini dəfələrlə vurğulayaraq, bütün mübahisəli və münaqişəli məsələlərin danışıqlar yolu ilə həll edilməsinə çalışıb, problemli ölkələr arasında faydalı vasitəçi rolu oynamağa hər zaman hazır olduğunu diqqətə çatdırıb. 
Sevindirici haldır ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Bütün bu amillər, eləcə də dövlət başçılarının uzun illər ərzində uğurlu xarici siyasi kursunun əhəmiyyətli nəticələri hər iki dövlətin və xalqların daha da yaxınlaşmasına səbəb olub. Əlaqələrimiz dinamik və səmərəli inkişaf etməklə, gələcək perspektivdə daha da məqsədəuyğun nəticələrə zəmin yaradır. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 11 noyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanıb. Sonrakı illərdə də bu əməkdaşlıq daha da genişlənib. Belə ki, 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyinin açılması, 18 yanvar 2008-ci ildə isə Qırğızıstanın Azərbaycana yeni səfir təyin etməsi deyilənlərə sübutdur.
İki dost ölkə arasında cari ilin 20 aprel tarixində imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə yüksək əməkdaşlığa köklənir. “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun imzalaması isə olduqca xüsusi əhəmiyyətə malikdir. İmzalanan sənədlərin müxtəlif sahələri əhatə etməsi, dövlət idarəçilik akademiyaları, televiziya və radio verilişləri yayımları, kənd təsərrüfatı, iqtisadiyyat, maliyyə, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında memorandum və sazişlərin gələcəkdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin daha da yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracağı şübhəsizdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əməkdaşlığın səmərəliliyini artıran amillər daha da diqqətə alınacaq, iki xalq arasında dostluq və əməkdaşlıq bağları daha da möhkəmləndiriləcəkdir.Qloballaşan dünyada dövlətlərarası münasibətlər sülh və əmin-amanlıq şəraitində daha da inkişaf edəcəkdir.  
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 26-04-2022, 17:57 Oxunub: 675


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı