Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə davamlı səfərlərinə diqqət yetirdikdə bu mühüm məqam öz təsdiqini tapır ki, ikitərəfli əlaqələrin inkişafı xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Ölkə Prezidentinin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri bir çox məqamları ilə hazırda müzakirə olunan məsələlər sırasındadır.
Bu səfər öncə belə bir reallığa işıq saldı ki, Azərbaycan - Gürcüstan münasibətləri artıq strateji tərəfdaşlıqdan müttəfiqliyə qədər inkişaf edib. Bu müttəfiqlik bütün sahələri əhatə edir. Enerji və nəqliyyat sahəsində möhkəmlənən əməkdaşlıq digər istiqamətlərdə də özünü təsdiqləyir.
Bir mühüm hadisəni də nəzərə alsaq ki, Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur, bu halda əlaqələrin hazırda yüksələn xətlə inkişaf etdiyini böyük əminliklə qeyd edə bilərik. İki ölkə arasında əlaqələr dərin köklərə malikdir, xalqlarımızın, liderlərin dostluğu, birgə fəaliyyət uğurlarımızın əsasını təşkil edur. Bu baxımdan deyə bilərik ki, ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında və möhkəmlənməsində rolu danılmazdır. Dövlət başçısı İlham Əliyevin səfəri zamanı Gürcüstanın Baş Naziri İrakli Qaribaşvilinin “Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür” və “Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək” fikirləri də bu reallığın təsdiqi oldu.
Hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirakçısı olduqları enerji və nəqliyyat layihələri ilə regional əməkdağlığa böyük töhfələr verdilər. Hədəflərdən bəhs edərkən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Bu reallıq da önə çəkildi ki, hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər. Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.
Səfər çərçivəsində keçirilən görüşlərdə bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirələrin mərkəzində oldu. Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı Baş nazirə ətralı məlumat verdi. Qarabağ münaqişəsi tarixə qovuşub, münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasına böyük ehtiyac var. Azərbaycan 5 prinsipdən ibarət sülh təklifini Emənistana edib. Qarşı tərəf bu prinsipləri qəbul edib. Dövlət başçısı səfər çərçivəsində mətbuata bəyanatında ümid etdiyini bildirdi ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq: “Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.”
Regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması əsas çağırışlardandır. Yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması üçün bu vacib amildir. Gürcüstanın Baş naziri şəxsən özünün və hökumətin sülh müqaviləsinin imzalanması üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlət başçısı İlham Əliyevin postmünaqişə dövründə xarici ölkələrə səfərlərinin hər biri, beynəlxalq tədbirlərdə çıxışları Azərbaycanın şanlı Zəfərinin yaratdığı reallıqların qəbulunda əhəmiyyətli rol oynayır. Hər bir səfər ölkəmizin artan nüfuzunun təqdimatıdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər