Azərbaycan və Türkiyə arasında dostluğun, qardaşlığın dərin tarixi kökləri var. Müdrik xalqlarımız illərdir ki, bu dostluğun, qardaşlığın, həmrəliyin şahididirlər. Çətin, ağır günlərdə də, xoş günlərdə də bir – birinin yanında olan, həmşə bir – birinə köməklik göstərən, yardımlar edən, dəstək verən hər iki qardaş ölkə arasındakı tarixi münasibətlərin yeni mərhələsinin əsası məhz, 2021-ci il iyunun 15-də, Şuşada imzalanan Bəyannamə ilə qoyuldu. "Bir millət - iki Dövlət" olan Azərbaycan və Türkiyə qardaşlığının yeni tarixi mərhələsi olan Şuşa Bəyannaməsi həm də hər iki ölkə arasındakı münasibətlərin artıq müttəfiqlik zirvəsinə yüksəlməsi haqqında dünyaya önəmli bir mesajdır. Bu Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə - siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə birgə əməkdaşlığını əhatə edir.
Artıq Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam olur. Hər iki ölkə üçün böyük siyasi, diplomatik və iqtisadi uğur olan Bəyannamə vacib regional əhəmiyyət daşımaqla yanaşı, hər iki qardaş ölkənin beynəlxalq nüfuzunun artmasına da səbəb olub. Ölkələr arasında münasibətlərin xoş gələcəyini müəyyənləşdirən Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldırmaqla yanaşı həm də əhatəli, dayanıqlı sülhə yol açır, regionda təhlükəsizliyə xidmət edir.
İkinci Qarabağ Müharibəsi başlanan andan Azərbaycanın yanında olan qardaş Türkiyə postmünaqişə dövründə də işğaldan azad olunmuş ərazilərin bərpasında, yenidən qurulmasında fəal iştirak edir, öz dəstəyini əsirgəmir. Möhkəm dayaqlar üzərində qurulan bu əməkdaşlıq, müttəfiqlik regionda yeni perspektivlər açır. Artıq dünya tərəfindən dəstəklənən Azərbaycan reallıqları imkan verir ki, çox yaxın gələcəkdə böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizi açılsın və Türkiyə ilə Azərbaycan dəmiryolu və avtomobil yolu ilə birləşsin. Şərqlə Qərbi birləşdirən bu dəhliz, bütün ölkələr üçün səmərəli və iqtisadi əhəmiyyətə malik elə bir ortaq dəhliz olacaqdır ki, bundan nəinki Azərbaycan, hətta bu gün bütün sahələr üzrə acınacaqlı bir vəziyyətdə olan, qeyri – ciddi siyasət yürüdən məğlub Ermənistan da bəhrələnəcəkdir. Təbii ki, bu gün bütün göstəricilərinə görə Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycandan çox geridə qalan aciz Ermənistan yaxın gələcəkdə Qalib Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət təklifi qəbul edərək, üçtərəfli bəyanatda öz əksini tapmış müddəaları yerinə yetirəcəkdir. Əlbəttə ki, Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi Şuşa Bəyannaməsi də bu baxımdan böyük əhəmiyyətə malikdir. Bu Bəyannamə həm də Azərbaycan - Türkiyə qardaşlığını, birliyini, müttəfiqliyini dünyaya çatdıran önəmli bir mesaj, sülhə, əmin–amanlığa, təhlükəsizliyə xidmət edən bir çağırışdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər