Ortaq tarixə və ortaq etnik köklərə malik olan Azərbaycanla Türkiyə arasında ta qədimdən sarsılmaz birlik, dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki müdrik Türk xalqı xoş günlərdə də, çətin günlərdə də bir-birinin yanında olaraq möhtəşəm birlik və həmrəylik nümaiş etdiriblər. Bu birlik və həmrəyliyin yalnız sözdə deyil, həmişə əməldə də şahidi olmuşuq. Tarix boyu dövlətlərimizin və xalqlarımızın bir – birini dəstəklədikrinin, bir - birinə arxa - dayaq olduqlarının saysız – hesabsız məqamları olub. Onu da qeyd etmək yerinə düşər ki, İkinci Qarabağ müharibəsi başlayanda bir çox dövlətlər gözləmə mövqeyi tutaraq məsələyə müdaxilə etməkdən ehtiyat edir və çəkinirdi. Bir çox dövlətlərin isə real mövqeyi məlum deyildi. Hətta bir sıra ölkələrin mənfur Ermənistanın tərəfində olduğu açıq – aydın görünürdü. Belə həlledici məqamda Türk dünyasının Lideri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. Dünyanın siyasət nəhəngi dəfələrlə bildirdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verəcəkdir.
44 günlük Vətən Müharibəsində Müdrik Rəhbər, Qətiyyətli Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz azğın düşmən üzərində Azərbaycan tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbə qazandı. 30 ilə yaxın müddətdə işğal altında olan dədə - baba torpaqlarımız bu Qələbə nəticəsində hərbi – siyasi yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Təbii ki, tarixi Zəfərin qazanılmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq və birmənalı bəyanatları, Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Qardaş Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan etməsi Azərbaycanı daha da ruhlandırır, necə deyərlər, gücümüzə güc qatırdı.
Şanlı Qələbədən sonra Azərbaycanda və Türkiyədə keçirilən bir sıra möhtəşəm tədbirlərdə, Zəfər paradında, Şuşadakı görüşlərdə, Rize – Artvin Hava Limanının açılış mərasimində və sair tədbirlərdə hər iki dövlət başçısının çiyin – çiyinə dayanmaları bütün Türk dünyasını daha da qürurlandırır, fərəhləndirir.
Hazırda hər iki dövlət başçısının məqsədyönlü, müdrik və gələcəyə hesaplanmış uzaqgörən siyasətləri nəticəsində Azərbaycan Türkiyə münasibətləri ən yüksək zirvəyə ucalıb və özünün qızıl dövrünü yaşayır.
Mayın 28-də Bakıda ilk dəfə keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və texnologiya festivalında hər iki dövlət başçısının iştirakı və çıxışı bird daha Azərbaycan – Türkiyə münasibətlərini hansı səviyyədə olduğunu nümayiş etdirdi. “Bir millət, iki dövlət, tək festival” şüarı ilə dünyanın ən nüfuzlu, aviasıya, kosmos və texnologiya festivalının keçirilməsi birliyin, qardaşlığın növbəti bariz nümunəsi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirdi ki, bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla qeyd edirik. Ortaq tariximizdən aldığımız güc, ilham aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndirir. Qardaş Türkiyə Respublikasının Prezidenti ölkələrimiz arasındakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin bu gözəl misraları ilə belə ifadə etdi:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan, Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan, Türkiyə.
Türkiyə Prezidenti iki bənd şeirin arxasınca hər bir insanı duyğulandıran fikirlər söylədi: -
- “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?”
Türkiyə Prezidentinin bu sözləri qəlbində vətən sevgisi, xalq məhəbbəti olan hər kəsi təsirləndirir, insanda xoş duyğular oyadır. Bütün Türk dünyası qəti əmindir ki, bundan sonra da hər iki ölkə sürətlə inkişaf edəcəkdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev cənablarının dediyi kimi: “Mən bir daha əziz qardaşım, hörmətli Prezident və Türkiyədən gəlmiş bütün dostlarımıza, qardaşlarımıza, bacılarımıza bu bayram günündə bizimlə bərabər olduqları üçün öz təşəkkürümü bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək” fikri öz təsdiqimi tapacaqdır. Əminik ki, hər iki ölkənin dünya şöhrətli liderlərin səyi nəticəsində bütün Türk dünyası inkişaf edəcək və gələcəkdə dünyanın ən inkişaf etmiş dövlətləri sırasında laiqli yerlərini tutacaqdır.
Gündüz Abışov
YAP Qazax rayon təşkilatı Telekommunikasiya Qovşağı
ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər