13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"Azərbaycan - Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır" - Nizami Zeynalov

    Tarixən Azərbaycan və Macarıstan xalqları arasında dərin köklərə malik olan diplomatik əlaqələr və ticari münasibətlər mövcud olmuşdur. Macar xalqının əhəmiyyətli hissəsinin özünü türk mədəniyyətinin ayrılmaz bir parçası hesab etməsi, qarşılıqlı əlaqələrin ən müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini vermişdir.Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Macarıstanın ölkəmizin dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması da təsadüfi deyil və iki xalq arasındakı dərin tarixi bağlara söykənir. Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğal altında olduğu zaman Macarıstan bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək vermişdir. Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv kimi təmsil olunması və təşkilata həqiqi üzv olmaq niyyətini bəyan etməsi sözügedən ölkənin həm də Azərbaycanla sıx əməkdaşlığından və bu əməkdaşlığın daha geniş platformalarda davam etdirilməsinin zəruriliyindən xəbər verir. 
Yanvar ayının 30-da Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çünki Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün ən önəmli strateji tərəfdaşlardan biridir. Azərbaycan -         Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır.
Prezidentimiz cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri, səfər zamanı Budapeştdə mətbuata verdiyi bəyanatı və çıxışı da çox yaddaqalan oldu. Həmçinin, ölkə Prezidentinin Azərbaycan - Macarıstan münasibətləri haqqında səsləndirdiyi dəyərli fikirlər iki ölkə arasındakı əlaqələrin hansı müstəvidə inkişaf etməsindən xəbər verdi.
    Prezidentimizin qeyd etdiyi kimi, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir - birinə əsirgəməyəcəkdir. ÇünkiAzərbaycan və Macarıstan arasında olan isti münasibətlər, dostluq, qardaşlıq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.
Dövlət başçısı onu da qeyd etdi ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb. Bu layihənin də böyük potensialı var. Çünki, Rusiya - Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.
    Ölkə rəhbəri təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri olduğunu bildirdi. Qeyd etdi ki,200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli bir hadisədir.
    Dövlət başçısı çıxışı zamanı minatəmizləmə sahəsinin də əməkdaşlığın vacib istiqaməti olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı bunun nəticəsində ya həlak olub, ya da ki, ağır yaralanıb. Məhz, ona görə də bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.
    Əminik ki, Azərbaycan və Macarıstan əlaqələri bütün sahələrdə dostluq, qardaşlıq və qarşılıqlı anlaşma şəraitində daha da inkişaf edəcəkdir. Təbii ki, hər iki xalqın milli maraqlarına xidmət edən bu əlaqələr nəticəsində hər iki ölkə yetərincə bəhrələnəcəkdir.

Nizami Zeynalov
YAP Qazax rayon təşkilatı 
ərazi partiya təşkilatının sədri


Tarix: 3-02-2023, 16:07 Oxunub: 482


Bölməyə aid digər xəbərlər