2023-cü ilin 28 may tarixi xalqımız üçün unudulmaz və yaddaqalan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümünü xalqımız qürur və fəxrlə qeyd etdi, çünki 28 May - Müstəqillik Günü ilə, uzun həsrətdən sonra doğma Laçına qayıdan soydaşlarımızın sevinci üst-üstə düşdü. Bu tarixdə Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və laçınlılarla görüşdəki çıxışı bir daha sübut etdi ki, 28 may ikiqat bayramdır. Nəhayət ki, Laçın şəhərinin sakinləri uzun fasilədən sonra artıq öz doğma şəhərlərinə qayıtdılar. Bütün bunlar göstərir ki, bu gün müstəqil Azərbaycan istənilən nəticəni əldə etməyə qadir bir ölkədir, çünki Azərbaycan dövləti artıq dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirmişdir.
Dövlət başçısı Laçın sakinləri ilə görüşdəki çıxışında vurğuladı ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaqdır. Laçın şəhərinin Baş planı hazırlanmışdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.
Möhtərəm Prezidentimiz onu da qeyd etdi ki, Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Ölkə rəhbərinin də söylədiyi kimi, mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Strateji əhəmiyyət daşıyan nailiyyətdən söz açan ölkə başçısı vurğuladı ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır. Möhtərəm Prezidentimiz onu da qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından Ulu Öndər prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib.
Ölkə rəhbəri bildirdi ki, bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan qalib oldu. Azərbaycan Ordusu düşməni döyüş meydanında məğlub edib.
Dövlət başçısı qeyd etdi ki, danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır. Güclü ordu qurmuşuq, bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Dövlət başçısı onu da bildirdi ki, gözəl gənc nəsil yetişdirdik - vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. İkinci Qarabağ müharibəsindən keçən dövr gələcək üçün çox önəmli idi. Bu gün bizim yaşadığımız reallıq məhz, İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. Laçın və Kəlbəcərdə ermənilər qanunsuz məskunlaşma aparırdılar. Qanunsuz məskunlaşma beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır. Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır. Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq.
Ölkə başçısı çıxışı zamanı qətiyyətlə bildirdi ki, torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq.
Azərbaycanın delimitasiya şərtlərinə toxunan Prezidentimiz onu da qeyd etdi ki, delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.
Beləliklə, 28 may 2023-cü il tarixdə Möhtərəm Prezidentimizin doğma Laçınımıza səfəri, laçınlılarla görüşü, mənfur ermənilərə və onların havadarlarına qətiyyətli mesajları bir daha sübut etdi ki, Azərbaycanın mövcud reallıqları qarşısında Ermənistan çox acizdir və tezliklə Möhtərəm Prezidentimizin prinsipial mövqeyi nəticəsində növbəti uğurlarımıza da imza atacağıq.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər