İgidlər oylağı Laçının işğaldan azad olunmasından söhbət düşəndə ilk növbədə yadımıza Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının xalqımıza Laçın rayonunun işğaldan azad olunması ilə bağlı müjdəsi və 10 dekabr 2020-ci il tarixdə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında dost və qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təsirli cıxışı yada düşür. Dərin və məzmunlu cıxışının bir yerində cənab Rəcəb Tayyib Ərdoğan demişdir: ”Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.
Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.
Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.” Türk dünyasının Liderinin iki il əvvəl Zəfər paradındakı məzmunlu çıxışı bir daha sübut etdi ki, dost və qardaş Türkiyə Respublikası ikinci Qarabağ müharibəsində Şanlı Qələbəmizə bizim qədər sevinir və bundan qürur duyur.
Qeyd etməliyik ki, Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Ancaq Laçın şəhəri Azərbaycanın nəzarətindən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir və buna görə Azərbaycan Laçın şəhərini nəzarətə götürə bilməmişdi. Ancaq 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılması qərara alındı. Ölkəmiz bu razılaşmaları daha tez bir zamanda başa çatdırdı, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənərək və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başladı. Bu müddət cəmi bir il 8 ay çəkdi. Yəni, bir il 8 aydan sonra artıq alternativ yol hazır idi. Sonra Qarabağda yaşayan ermənilər Azərbaycana müraciət edərək, xahiş etdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, sülhsevər Azərbaycan yenə də humanistlik göstərərək onlara bu imkanı verdi. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və Laçın şəhəri qaytarıldı.
İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Laşın rayonunda genişmiqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol -nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.
Hazırda Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələri,eləcə də işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması istiqamətində işləri davam etdirir. İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin ən öndə gedəni isə yol -nəqliyyatı infrastrukturunun yenidən qurulmasıdır. Laçın ərazisində də böyük yol infrastruktur işləri görülür. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat infrastrukturuna xüsusi önəm verir.Müxtəlif güc mərkəzlərinin maraqlarının üst-üstə düşdüyü bölgədə əsas söz sahibi kimi çıxış edən Azərbaycan Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə öz hədəflərinə doğru inamla irəliləyir.
Gövhər Rəhimova
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər