11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
" Azərbaycanın səbri ilə oynamaq olmaz" - Azər Namazov

    Bu ilin 18 aprel tarixi Möhtərəm Prezidentimiz İlham Əliyevin Salyan şəhərinə səfəri və ölkə başçısının Azərbaycan Televiziyasına verdiyi müsahibə  bir çox mühüm və vacib məqamları ilə  yaddaqalan oldu. 
   Prezidentimiz cənab İlham Əliyev müsahibə zamanı bildirdi ki, 2004-cü ildən başlayaraq Azərbaycanda Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramı həyata keçirilir. Hazırda dördüncü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı abadlıq, tikinti, quruculuq işləri aparılmışdır və bu işlər davam etdirilir. Ölkə başçısı çıxışı zamanı qeyd etdi ki, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər - insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial - infrastrukturla bağlı işlərin aparılması bölgələrdə yüksək səviyyədə təmin edilir.
     Ölkə başçısı bildirdi ki, cari ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, büdcəyə əlavələr edək. İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək, ikinci yerdə isə bizim hərbi xərclərimiz olacaqdır.
     Dövlətimizin başçısı müsahibə zamanı Ermənistanda revanşist qüvvələrin yenə baş qaldırdığını bildirdi. Qeyd etdi ki, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını və hərbi potensialımızı göstərdik.
     Ölkə rəhbəri onu da vurğuladı ki, müharibədən sonrakı iki il yarım ərzində ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. 
     Dayanıqlı inkişafdan söz açan ölkə rəhbəri bildirdi ki, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır.
    Möhtərəm Prezidentimiz İlham Əliyev öz çıxışında qeyd etdi ki, Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar. Son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaqdır. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir. İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir. Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür.
     Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb.
     Ölkə başçısı xüsusi olaraq vurğuladı ki, niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.
Prinsipial mövqeyə toxunan ölkə başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Separatçılar bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan qovmuşuq. Onlar qaçıblar, Xankəndiyə və başqa bir yerə gələ bilmirlər. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. 
    Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ermənistan rəhbərliyi dünyaya açıq gözllə baxmalı,mövcud reallıqları, qüvvələr nisbətini düzgün dəyərləndirməli, Azərbaycanın  təkliflərini qəbul etməlidirlər.Əka halda   onlar böyük məhrumiyyətə məruz qalacaqlar.
    Beləliklə, Möhtərəm Prezidentimizin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibə bir çox vacib məqamlara bir daha aydınlıq gətirdi və bəlli oldu ki, Azərbaycan öz güclü Liderinin rəhbərliyi ilə haqq yolunda qətiyyətlə, əzmlə irəliyə doğru addımlayır və günbəgün hədəflərinə çatır. 

Azər Namazov
YAP Qazax rayon təşkilatı Ağköynək kənd ərazi partiya təşkilatının sədri


Tarix: 25-04-2023, 12:39 Oxunub: 188


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı