"Azərbaycan xoş – firavan gələcəyə doğru inamla, qətiyyətlə irəliləyir" - Ruslan Rzayev

       Bildiyimiz kimi BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı- SPECA 1998-ci ildə yaradılmışdır. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və ən fəal üzvlərdəndir. Belə ki, SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun   1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib. Həmin ilin noyabr ayında Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib. Müvafiq dövlət orqanları, o cümlədən İqtisadiyyat Nazirliyi SPECA-nın İşçi qruplarında fəal iştirak edir. 2023-cü ildə də SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Qeyd etmək lazımdır ki,SPECA ilə ölkəmiz arasında uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur və üzv dövlətlərlə iqtisadiyyatın bir çox sahələrində həm hökumətlərarası səviyyədə, həm də Proqram çərçivəsində geniş əməkdaşlıq edilir. SPECA-ya üzv ölkələrin əksəriyyətinin açıq dənizə çıxışı olmadığına görə, iqtisadiyyatlarımızın səmərəliliyini artırmaq üçün beynəlxalq və regional nəqliyyat dəhlizlərinə cəlb olunma mühüm əhəmiyyət kəsb edir. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının tərəfdarı olan ölkələrimiz müxtəlif istiqamətlərdə tranzit daşımalarının səmərəli təşkilinə təminat verir. Son illərdə Azərbaycan yol-nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən müasir dəmir yolu şəbəkəsinin, dəniz limanlarının, geniş avtomobil yolları şəbəkəsinin tikintisinə irihəcmli sərmayələr yatırıb. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi regional nəqliyyat və logistika marşrutlarının inkişafına yeni təkan verdi.  İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı reabilitasiya və bərpa işlərinin aparılması, bu ərazilərin ekoloji cəhətdən təmiz texnologiyalar əsasında yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. 
Noyabr ayının 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab   İlham Əliyev çıxış edərək bildirdi ki,iyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir.Yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak etmişlər.Bütün çıxışlarında olduğu kimi bu dəfə də Möhtərəm Prezidentimiz mühüm və vacib məqamlara toxuaraq bildirdi ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
      Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaratdığını vurğulayan  Dövlətimizin Başçısı  söylədi ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır.Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.Azərbaycan Avrasiyanın  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Möhtərəm Prezidentimiz diqqətə çatdırdı ki,müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən   20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi və 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Biz 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdik və işğala son qoyduq.   BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. “Boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri keçirildi. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq.Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur.Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaqdır. Cari ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik   Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi   Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaqdır.
     Günümüzün reallığı budur ki, Azərbaycan  öz torpaqlarını azad etməklə irimiqyaslı bərpa-quruculuq layihələri həyata keçirərək dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan tarixi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. Bəli, bütün bunlar bir daha sübut edir ki, Möhtərəm Prezidentimizin rəhbərliyi ilə  Azərbaycan xoş - firavan gələcəyə doğru inamla, qətiyyətlə irəliləyir.

Ruslan Rzayev
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 29-11-2023, 12:04 Oxunub: 79


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı