Ötən il İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşü mühüm hadisələrlə yadda qaldı. Belə ki, həmin Zirvə Görüşündə Türkmənistana müşahidəçi statusunun verilməsi, "Türk dünyasına baxış - 2040" sənədinin qəbulu qurumun uzunmüddətli perspektivə hesablandığının göstəricisidir. Sözügedən Zirvə Görüşünün digər mühüm hadisəsi isə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi oldu. Dövlət başçısı İlham Əliyev bu mükafata Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfərinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olunmuşdu. Azərbaycanın Zəfəri həm də türk dünyasının qələbəsi kimi tarixə düşdü.
Bu ilin noyabr ayında Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə, həmçinin dekabrın 14-də dövlət başçısı İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Azərbaycan-Türkiyə-Türkmənistan Üçtərəfli Zirvə Görüşündə tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atılan addımlardan geniş bəhs edildi. Azərbaycan-Türkiyə-Türkmənistan Üçtərəfli Zirvə Görüşündə “2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır: “Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.”
Cənab İlham Əliyev çıxışında, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarından, türkdilli dövlətlərlə, xüsusilə Türkiyə və Türkmənistanla iqtisadi əlaqələrinin hazırkı səviyyəsindən geniş bəhs etdi. Bu məqam xüsusi qeyd edildi ki, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artıb. Bu, rekord göstəricidir. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir.
Üçrərəfli Zirvə Görüşündə üç ölkə arasında iqtisadi-ticari, gömrük, energetika, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsini hədəfləyən 6 sənəd imzalandı. Bu sənədlər bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlı olan Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələri daha da möhkəmləndirəcək. Bütün bunların fonunda əminliklə demək olar ki, ümumilikdə türk dünyası tarixində yeni bir səhifə açılıb.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər