Azərbaycan indi dünyada ən aktual məsələlərdən olan enerji təhlükəsizliyinə xüsusi diqqət ayırır. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş Azərbaycanın enerji strategiyası ölkəmizi bu sahədə lider dövlətlər sırasına yüksəldib. Bəli, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Oktyabrın 26-da Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yolda mühüm bir tədbir olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu.Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanmışdır. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdur.
Dövlətimizin Başçısı tədbirdə çıxış edərək bildirdi ki, bu gün biz nisbətən qısa zamanda - təxminən il yarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Azərbaycanın Energetika Nazirliyinin, “AzərEnerji” ASC-nin və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin bu layihəsi gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Azərbaycanın xarici investisiyalar üçün çox açıq ölkə olduğunu bildirən Möhtərəm Prezidentimiz qeyd etdi ki, son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Biz birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.
Dövlət Başçımız vurğuladı ki,neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq.Biz hər şeyi vaxtında edəcəyik. Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.
Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.
Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır. Ölkə Başçımız bildirdi ki, bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac vardır. Planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.
Möhtərəm Prezidentimiz çıxışının sonunda söylədi ki, bunlar bizim planlarımızdır və müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki bizim siyasi iradəmiz var, bizim cəmiyyətdə birlik var. Bizim Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşlarımız var.Biz bütün məqsədlərimizə nail olacağıq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər