11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Strateji tərəfdaşlıq sözdə, sənəddə, əməldə təsdiqlənir" - Anar Nəbiyev

    “Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bildirməliyəm ki, mən keçən il Serbiyaya rəsmi səfər etmişdim. Ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu, bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk.” Dövlət başçısı İlham Əliyev dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında onu da bildirmişdi ki,  prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir.  Prezidenti Aleksandar Vuçiçinin rəhbərliyi ilə Serbiya uğurla inkişaf edir, müstəqil siyasət aparır. O siyasət ki, Serbiya xalqının və dövlətinin maraqlarına cavab verir. Azərbaycan da dostu olaraq Serbiyanın  uğurlarına həmişə sevinir və əməli addımlarla, konkret işlərlə ikitərəfli gündəliyimizi genişləndiririk: “Əminəm ki, bugünkü tədbir və açılışdan sonra interkonnektorun fəaliyyəti Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəkdir. Mən bilirəm ki, Prezident Vuçiçin ölkəsinin sənaye potensialının inkişafı ilə bağlı çox genişmiqyaslı planları var. O planların böyük hissəsi həyata keçirilib. Gələcək planların həyata keçirilməsi üçün əlbəttə, enerji resursları lazımdır və şaxələndirilmiş təchizat şəbəkəsi də təbii ki, qurulmalıdır.”
      Dövlət başçısı İlham Əliyev eyni sözləri Bolqarıstan və onun Prezidenti Rumen Radev haqqında da söylədi.  Qeyd edək ki, Azərbaycan və Bolqarıstan da strateji tərəfdaşdılar. Qarşılıqlı səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Belə ki, bu il  Azərbaycan Prezidentinin Bolqarıstana, Bolqarıstan Prezidentinin Azərbaycana səfəri olmuşdur.  Bu da onu göstərir ki, münasibətlərimiz çox dinamikdir, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub.
    “Bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm” deyən cənab İlham Əliyev bildirmişdir ki, bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.
      Enerji sektorunda qazanılan uğurlar sırasında bu mühüm addımı da xüsusi qeyd etmək istərdik ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı  və bu memorandum icra edilir. Cənab İlham Əliyev sözügedən açılış mərasimində diqqəti bu statistik rəqəmlərə də yönəltmişdir ki, Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
     Dövlət başçısı İlham Əliyev hər bir çıxışında, müsahibəsində Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyindən, dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan, beynəlxalq əməkdaşlıqda enerji amilinə verilən önəmdən geniş bəhs edir. Bu baxımdan noyabrın 23-də “Euronews” televiziyasına verdiyi və dekabrın 9-da yayımlanan müsahibəsi də xüsusi diqqətdə oldu. Cənab İlham Əliyev həmin müsahibəsində bir daha diqqəti son 20 ilin sosial-iqtisadi göstəricilərinə yönəltdi. Bu illər ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb. Bununla yanaşı, düşünülmüş sosial siyasət həyata keçirilib. Son 20 ildə yoxsulluq səviyyəsi 50 faizdən 5,5 faizə enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb.
     Ölkə Prezidenti bu mühüm məqamı da bildirmişdir ki, 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir. “İnkişaf və investisiya üçün gələcəkdə hansı sahələri görürsünüz” sualına cavab olaraq dövlət başçısı İlham Əliyev bildirmişdir ki, əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək: “Birincisi, ona görə ki, keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.”
      Xarici sərmayələrə gəldikdə yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşunun  davam etdirilməsi əsas hədəflərdəndir. Çünki təbii ehtiyatlar baxımından Azərbaycan böyük potensiala malikdir.  Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Bərpa olunan enerji potensialımız birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı oldu.  Növbəti 5-6 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisi istehsalı planlaşdırılıb.
Atılan addımlar, gerçəkləşdirilən layihələr dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir.  Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu günbəgün artır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 18-12-2023, 14:47 Oxunub: 254


Bölməyə aid digər xəbərlər