11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İranın yeni prezidenti azərbaycanlıdır

İyulun 5-də İranda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda əslən azərbaycanlı namizəd Məsud Pezeşkian qalib gəlib. İranınn “Mehr” Agentliyinə istinadən xəbər verilir ki, Məsud Pezeşkian 16.384.403 səs, rəqibi Səid Cəlili isə 13.538.179 səs toplayıb.

Beləliklə, İran siyasi dairəsinin islahatçılar qanadını təmsil edən Məsud Pezeşkian ölkənin yeni - 9-cu prezidenti seçilib.  Bəs Məsud Pezeşkian kimdir?

Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərində sürpriz namizəd sayılırdı. Seçkilərə buraxılan digər 5 namizəd daha çox mühafizəkarlara yaxın şəxslər olduğu halda, Məsud Pezeşkian islahatçı cinaha mənsubluğu ilə diqqət çəkmişdi. Bu səbəbdən də bəzi ekspertlər onun gözardı edilməsilə razılaşmırdılar. Üstəlik Məsud Pezeşkianın milliyətcə fars olmaması da onun digər millətlərdən olan seçicilərdən böyük səs ala biləcəyi qənaətini gücləndirirdi. Və... gözləntilər özünü doğruldu.

Məsud Pezeşkian prezident seçkilərində ilk dəfə idi ki, namizəd olaraq iştirak edirdi.

Keçmiş səhiyyə naziri Məsud Pezeşkian indiyə kimi təcrübəli deputat kimi tanınmışdı.

O, 1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır.

Məsud Pezeşkian əvvəlcə Urmiya Kənd Təsərrüfatı Kollecində qida sənayesi üzrə təhsil alıb. 
1973-cü ildə hərbi xidmət keçib.

1976-cı ildə isə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirib.
1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisasını başa vurub. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisasa yiyələnib.

Sonra Təbrizin Ürək Xəstəxanasında işə başlayıb, ardınca həmin xəstəxananın rəisi olub. 

M.Pezeşkian əvvəllər Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində də çalışıb və hazırda bu nüfuzlu elm ocağının akademik heyətinin üzvüdür.

Məsud Pezeşkian keçmiş prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. Təcrübəli millət vəkili olan Pezeşkian 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərə (parlament) üzv seçilib. Pezeşkian İran parlamentində təbrizliləri təmsil edib.
O, həmçinin 2016-2020-ci illərdə parlamentin birinci vitse-spikeri vəzifəsində çalışıb.
İslahatçılara yaxınlığı ilə tanınan Pezeşkian namizəd olduqdan sonra sosial mediadakı paylaşımında təcrübəli və bilikli insanları vəzifəyə təyin etməyin vacibliyini vurğulamış və planlarını açıqlamışdı.
Pezeşkian həmçinin İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin əmrlərini yerinə yetirəcəyinə söz verib.

Prezident seçiləcəyi təqdirdə keçmiş xarici işlər naziri Cavad Zərifi yenidən ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyinə gətirəcəyini bəyan edib.

M.Pezeşkian ölkədəki bütün siyasi qruplar arasında birlik və ardıcıllığın vacibliyini vurğulayaraq, siyasi əlaqələrdən daha çox səriştə, bacarıq və təcrübənin vacibliyini qeyd edib.
Məsud Pezeşkian həmçinin İslam İnqilabının rəhbəri və ölkə Konstitusiyasının müəyyən etdiyi “yol xəritəsi”nin izlənilməsinin vacibliyini vurğulayıb, onların effektiv şəkildə həyata keçirilməsini istəyib.

M.Pezeşkianın 4 övladı olub. Həyat yoldaşı və bir övladı 19 il əvvəl avtomobil qəzasında dünyasını dəyişsə də, o, daha sonra evlənməyib. Və qalan üç övladını - iki oğlu və bir qızını tək böyüdüb.

Pezeşkian seçkilərdən əvvəl verdiyi müsahibələrin birində deyib ki, o, türkdür və Azərbaycanda doğulub.

İranda etnik azərbaycanlılar özlərini türk adlandırırlar.

Məsud Pezeşkian deyib ki, evdə uşaqlarını farsca danışmağa qoymayıb, Azərbaycan dilini nəzərdə tutaraq türkcə danışdıqlarını söyləyib.

Onun bu müsahibələri prezident seçkisinin birinci turunda rəqiblərini qabaqlamasından sonra paylaşılmağa başlayıb.

Pezeşkian Təbrizin məşhur futbol komandası "Traktor"un azarkeşidir.

Prezident seçkiləri boyunca Məsud Pezeşkianı qızı müşayiət edib.


Tarix: 6-07-2024, 10:11 Oxunub: 279


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı