Yazıya Şeyxülislam hacı Allahşükür Paşazadənin bu açıqlaması ilə başlamaq istəyirəm:
“40 ildir ki, mənim İranda dostlarım, qardaşlarım var. İndiyə qədər başa düşməmişəm, elə bilmişəm ki, mənə bir şey olsa mənim qardaşlarım gəlib məni qurtaracaqlar. Onlar mənim ümidimi qırdılar. Mənim qardaşım məni erməniyə satdı”.
Axı ay Hacı Allahşükür Paşazadə, bu 40 il ərzində biz müstəqil olmuşuq, amma İran bizim müstəqilliyimizi, suverenliyimizi tanımaq istəməyib. Hətta istəyib ki, onların bir əyaləti olaq. Həmin 40 il ərzində Ermənistan torpaqlarımızı işğal edib, yenə də İran səsini çıxarmayıb, əksinə, Ermənistana dəstəyini nümayiş etdirib. Bu 40 il ərzində həmin İran işğal olunmuş torpaqlarımızdan narkotrafik və narkoticarət vasitəsi kimi istifadə edib. 40 il ərzində biz İkinci Qarabağ müharibəsini də görmüşük, lakin İran yenə də Ermənistana birmənalı dəstəyini verib, Azərbaycanı satıb. 40 il ərzində İran qırıcılarını Xəzər dənizinin üstündə dövr elətdirib, məlun Qasım Süleymaninin diliylə bizə hədə-qorxu gələndə, köməyimizə Türkiyə şahinləri çatıb.
Cənab şeyx, İranın görmədiyiniz, ya da görmək istəmədiyiniz xəyanətləri bununla da bitmir. Çünki İran 40 il ərzində həm də dini və milli ideoloji üsullarla Azərbaycanda təxribatlar, çaxnaşmalar törədib, casuslar yetişdirib üstümüzə qısqırdıb. Milli-ideolji amillərdən istifadə edib separatçılıq meyillərini qızışdırmaqla bizi parçalamağa çalışıb.
Axı ay Hacı Allahşükür Paşazadə, siz bütün bunları 40 il ərzində gördüyünüz halda, yenə də qələbəmizin carçısını Xameneyinin fətvasında görmüsünüz. Ömür boyu İranın xəyanətlərinə susqunluqla yanaşıb, hər fürsətdə xəyanətlərini ört-basdır eləmisiniz. Qəflət yuxusundan hələ indi oyanmısınız? Düzdür, ziyanın yarısından qayıtmaq da xeyirdir, amma biz İranın ziyanlarından o qədər çəkmişik ki, nə geriyə qayıtmaq, nə də irəliyə baxmağın artıq heç bir mənası yoxdur. Heç vaxt İran əleyhinə bəyanat verməmisinzə, geriyə haradan yapşıb qayıdacaqsınız? Axı bütün Qafqazın şeyxinin verdiyi bir bəyanat belə, bizim lehimizə manevr edə bilərdi. Amma siz İranın lehinə bəyanatlar verməklə, həm də ölkəmiz əleyhinə təxribatlarını davam etdirməsi üçün arxayınlıq yaratmısınız.
Çünki məhz həmin Xamenenin fətvası ilə İran erməniləri qorumaq üçün həmişə əlindən gələni edib, axırda da dizimizin dibində erməniləri qorumaq üçün Qafanda konsulluq açıb, Ermənistanın İranın “qırmızı xətti” olduğunu düz qulağımızın içinə qışqırıb. Üstəlik, Araz çayını keçmək üçün keçirdiyi hərbi təlimlərdə Arazın o tayından bu tayına tanklarının lülələrini üstümüzə tuşlayıb, bizi hədələməyə çalışıb. Amma unudub ki, Arazın o tayı da, bu tayı da bizim doğma el-obamızıdır. Həmin lülələr hərlənib, fırlanıb Tehranın öz gözünə girə bilər. Hacı, sizcə İran Arazı niyə keçmək istəyirdi? Arazı keçib, hara gedəcəkdi?
Cənab şeyx doğurdanmı 40 il ərzində İranın xəyanətlərini görməyib, hələ indi ayılmısınız? Yoxsa, İranın dəyişəcəyinə həqiqətən ümid etmisiniz? Bəlkə də İrana hələ də inanır, amma naçar-biəlac təqiyyə etməyə məcbursunuz? Hər halda, düzünü Allah bilər. Mənim bildiyim qırxında öyrənənin gorunda çatlamasıdır.
Mərahim Nəsib
Bölməyə aid digər xəbərlər