Məhkəmənin hökmü ilə V. Hacıyev 12 il azadlıqdan məhrum edilib.
Həmçinin, keçmiş icra başçısının üzərinə həbs qoyulan 5 milyon 344 min manatlıq əmlakı müsadirə edilib. O, 2012-ci ilin aprel ayından 2020-ci ilin may ayınadək İmişlinin icra başçısı işləyib.
V.Hacıyev həbs həyatı yaşayan yeganə eks-icra başçısı deyil. Son illər Azərbaycanda bir neçə icra başçısı həbs olunub ki, onlar hazırda məhkum həyatı yaşayırlar.
Bu ilin mart ayında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, məhkəmə M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Həmçinin, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.
Biləsuvarın keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
M.Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı olub.
Ötən ilin oktyabr ayında Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun da xeyli əmlakı müsadirə olunub.
2022-ci ilin may ayında həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 ayadək endirilib. İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunub.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham elan edilib.
İ.Vəliyev 2005-2011-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə isə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı olub.
Həbsdə olanlardan daha biri Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovdur. Bu ilin iyul ayında onun cinayət işi üzrə məhkəmə prosesi sona yetib. Hökmə əsasən, Namiq Zeynalov 12 il müddətinə azadlıqdan məhrum edilib. N.Zeynalovun da əmlakları müsadirə olunub. Həmin əmlakların ümumi bazar dəyəri 2 milyona yaxın qiymətləndirilir.
Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
N.Zeynalov 2018-ci ilin fevral ayında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, 2020-ci ilin dekabr ayında işdən çıxarılıb.
2021-ci ilin sentyabr ayında Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsi keçirilib. Onun barəsində 7 il 3 ay müddətinə həbs qərarı verilib. Bu ilin yanvar ayında isə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib. Eks-icra başçısı həbsdə olduğu müddətdə bir neçə dəfə ürək əməliyyatı olunub. Bundan başqa, külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinən Səmədovun özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər müsadirə olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə əməlləri üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Q.Səmədov 2011-2019-cu illərdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan əvvəl isə o, 5 il icra başçısının müavini və birinci müavini olub.
2021-ci ilin oktyabr ayında Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərova hökm elan edilib. Hökmə əsasən, Kürdəmirin sabiq icra başçısı 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin qeyd olunub ki, C.Cəfərov 2 il 6 müddətinə dövlət və yerli idarəetmə orqanlarında vəzifə tuta bilməz.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəyib, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində alıb, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub.
İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.
C.Cəfərov 2011-2014-cü illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2014-cü ildə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, 2020-ci ilin avqust ayında bu vəzifədən azad olunub.
Həbs həyatı yaşayanlardan biri də Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovdur. Bu ilin may ayında onun barəsində seçilmiş həbs müddəti daha 5 ay uzadılıb.
A.Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O, 2014-2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. (Unikal)
Bölməyə aid digər xəbərlər