Göygöldə oğurluq və Yevlaxda qətl törətməkdə təqsirləndirilən Elnur Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 9-na təyin edilib.
Qeyd edək ki. rəsmi məlumata görə, bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Elnur Rasim oğlu Hüseynovun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Səidə İmran qızı Hüseynovanı da qəsdən öldürməsi müəyyən edilib. Belə ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanı tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb, hadisənin izini itirmək qərarına gələrək 2021-ci ilin aprel ayının 14-də qadının yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb.
Toplanan sübutlar əsasında Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttiham aktında qeyd olunub ki, o, Səidə Hüseynovaya ümumilikdə 66 277 manat məbləğində ziyan vurmaqla qadının əmlakını qəsdən məhv edib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Hüseynov 19 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, Elnur Hüseynov Göygöl rayonunun Çaykənd kənd məktəbində fizika müəllimi işləyib.
Bölməyə aid digər xəbərlər