Türkiyə Silahlı Qüvvələri tarixində bir ilk yaşanıb. Türkiyə mətbuatına istinadən xəbər verilir ki, ilk dəfə olaraq Hərbi, Dəniz və Hərbi Hava Qüvvələri Akademiyasını 3 qadın leytenant birinciliklə bitirib.
2024-cü ildə Hərbi Akademiyada Ebru Əroğlu, Dəniz Akademiyasında Şeyda Yıldırım və Hərbi Hava Qüvvələri Akademiyasında İkra Kuyumcu akademiyalarını birinci olaraq bitirməklə diplomlarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan alıblar.
Bəs bu uğurlu qadın leytenantlar kimlərdir?
Hərbi Akademiyanı birinciliklə bitirən leytenant Ebru Əroğlu 2000-ci ildə İstanbulun Kadıköy ərazisində doğulub. Əroğlu elə orta məktəbi də burada tamamlayıb. Cəmil və Nermin Əroğlu cütlüyünün ilk övladı olaraq dünyaya gələn Ebrunun rus dilini yaxşı bildiyi deyilir.
Dəniz Akademiyasını birinciliklə bitirən leytenant Şeyda Yıldırım 2002-ci ildə İzmitdə anadan olub. Osman və Nesrin Yıldırım cütlüyünün üç övladından birincisi olan Yıldırım ibtidai və orta təhsilini Kocaelidə başa vurduqdan sonra 2019-cu ildə Şehit Özcan Kan Elm Liseyini bitirib. Onun yaxşı dərəcədə ingilis dili bildiyi qeyd olunur.
Hərbi Hava Qüvvələri Akademiyasını birinciliklə tamamlayan leytenant İkra Kuyumcu isə 2001-ci ildə İzmirdə anadan olub. Kemalpaşada yaşayan Vedat və Zekavet Kuyumcu cütlüyünü üç övladından birincisi İkra Kuyumcu ibtidai və orta təhsilini Manisa Turqutluda başa vurduqdan sonra 2020-ci ildə İzmir Amerika Liseyini bitirib. Onun da ingilis və ispan dillərini yaxşı dərəcədə bildiyi deyilir.
Bölməyə aid digər xəbərlər