Sülhsevər, multikultural, tolerant bir ölkə olan Azərbaycan hər zamanqonşu dövlətlərlə təhlükəsizliyin və sabitliyin qorunub saxlanılmasına, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət bəslənilməsinə, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsinə çalışır. Bütün dünya görür ki, dövlətimiz hər zaman olduğu kimi, bu gün də heç bir ölkənin daxili işlərinə qarışmamaq kimi vacib prinsipinə sadiqdir və qarşılıqlı olaraq, heç bir ölkənin də onun daxili işlərinə müdaxilə etməməsini istəyir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımız və dövlətimiz üçün tarixi məqam oldu və bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğuladı.
Dövlətimizin başçısı bildirdi ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərinə Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı.
Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu qətiyyətlə vurğuladı.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu bildirən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Zaman və mövcud reallıq bir daha göstərdi ki, Azərbaycan bütün məsələlərdə həmişə haqlı tərəf olub. Haqqın və ədalətin qarşısında isə heç bir güc dayana bilməz.
Səbinə Xasayeva
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər